2 Avqust 2021 19:14
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya siyasi arenasında ciddi qəbul edilməyən, hər zaman özününün qeyri-insanı davranışları ilə daha çox məşhurlaşan Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski sərsəm fikirləri yenidən gündəmə gəlib. “Radio Komsomolskaya pravda”ya verdiyi müsahibəsində türk xalqlarına, müxtəlif ölkələrə yuxarıdan aşağı baxan, şər-böhtan və təhdidlər səsləndirən bu qondarma siyasətçi hələ də sovet dövrünün nameklaturasından xilas ola bilməyib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycana, türk xalqlarına və keçmiş sovet respublikalarına qarşı düşmən mövqeyindən heç vaxt geri çəkilməyən Jirinovski növbəti dəfə sərsəm açıqlamaları ilə diqqəti özünə cəlb edib: “Amma Jirinovski və ona bu cür sərsəm açıqlamaları gündəmə gətirməyə imkan yaradanlar unudur ki, sovet quruluşu çoxdan dağılıb. İndi müstəqil dövlətlər var. Bu müstəqil dövlətlərdən ən güclüsü və Cənubi Qafqazda söz və nüfuz sahibi Azərbaycandır. Bu gün mənsub olduğumuz regionda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallaşmır. Çünki Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycana məxsusdur. Ölkəmizin malik olduğu siyasi iqtisadi üstünlüklər onun bölgədə və qlobal müstəvidə tərəfdaşlarının artmasına, mövqelərinin daha da güclənməsinə imkan yaradıb. Sözsüz ki, Azərbaycanın uğurlarını gözü götürməyən hər addımda ölkəmizə qarşı kammpaniyalar həyata keçirmək niyyətində olan qüvvələr də mövcuddur. Bu gün Jirinovski kimi oyuncaq siyasətçilər də məhz bu qüvvələrin, mərkəzlərin əli ilə Azərbaycana dil uzatmağa çalışır. Amma onlar unudurlar ki, bu gün Azərbaycan özünün hərbi, siyasi, iqtisadi üstünlükləri ilə istənilən hücumu dəf etməyə, milli maraqlarını təmin etməyə qadirdir”.

Sevinc Hüseynovaya görə, Jirinovski və ona havadarlıq edənlər bilməlidir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ətrafında birlik nümayiş etdirməklə tarixi ədaləti bərpa edib: “Bu gün Azərbaycanda olan xalq-iqtidar birliyi bütün dünya üçün bir örnəkdir. Məhz müharibə dövründə Azərbaycanda nümayiş olunan həmrəylik modeli dövlət-xalq birliyinin əyani təcəssümü idi. Bununla da Azərbaycan xalqı özünün malik olduğu birlik və düşmənə qarşı barışmaz mövqeyi ilə dünyada mübariz xalq kimi önə çıxmağı bacardı”.

Millət vəkili hesab edir ki, Azərbaycanda mövcud olan demokratik idarəçilik sistemi, ərazi bütövlüyümüz fonunda qarşıda ölkəmizi gözləyən xoşbəxt gələcək bir çoxlarının yuxusuna haram qatıb: “Bu gün Jirinovisklərin əli və dili ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışanlar heç nə əldə edə bilməyəcəklər. Çünki bu bölgədə Azərbaycanın yaratdığı yeni bir reallıq var. Bu reallıq Rusiya, Türkiyə kimi dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Bu mənada Jirinovskinin sərgilədiyi düşmən mövqe heç də onun təmsil olunduğu ölkənin iradəsi kimi yozula bilməz. Çünki o öz ölkəsində də, adi bir oyun personaji kimi qarşılanır və fikirləri cəmiyyətdə heç vaxt əsas götürülmür. Sözsüz ki, belə adamların dili ilə Azərbaycana qarşı kampaniya aparmaq heç bir halda qarşılıqsız qalmamalıdır. Azərbaycan dövləti bütün hallarda özünə qarşı yönələn bütün zərbələri dəf etməyə hazırdır və bunu bacarır”.


Müəllif: Tapdıq Qurbanlı