7 Avqust 2021 11:07
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş Türkiyənin bir sıra vilayətlərində tüğyan edən meşə yanğınları Azərbaycanda haqlı olaraq narahatlıqla qarşılanmaqdadır. Yanğına həssas münasibət ortaya qoyan və söndürülməsində Türkiyəyə kömək etməyə tələsən ilk ölkə Azərbaycan oldu. Məhz bu məqsədlə cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yanğın zamanı həlak olanların ailələrinə başsağlığı verərək xalqımızın, dövlətimizin qardaş ölkənin yanında olduğunu bildirib. Bu bir daha Türkiyə Azərbaycan qardaşlığın bariz ifadəsi idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputaı Cavid Osmanov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğın, xilasetmə, aviasiya və tibb xidməti əməkdaşları qardaş ölkədədir: “Azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığı nəticəsində bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınır. Yüksək temperaturun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparır”.

Millət vəkili söyləyib ki, ötən il Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsində olduğu kimi, bu gün hər iki dövlətin və onların xalqlarının nəbzi bir vurur: “44 gün davam edən savaş günlərində xalqımız kimi Türkiyə ictimaiyyəti də Qələbəyə köklənmişdi. Müharibə günlərinin ən möhtəşəm mənzərələrindən biri hər yerdə Azərbaycanla yanaşı, Türkiyə bayraqlarının dalğalanması idi. Binaların eyvanlarını, avtomobilləri, ümumiyyətlə, hər yeri ay-ulduzlu bayraqlar bəzəmişdi.

Bu müharibədə Azərbaycan-Türkiyə münasibətləri bir daha tarixi sınaqdan çıxdı. Bu müharibə qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları bir daha öz təsdiqini tapdı”.

Cavid Osmanova görə, Türkiyənin dağlıq və turizm bölgələrində yayılan meşə yanğınlarının söndürülməsi zamanı da bütün dünya iki qardaş ölkənin polad kimi möhkəm birliyinin müşahidə edir: “Sosial şəbəkələrdə, Türkiyə KİV-in reportajlarında Azərbaycan yanğınsöndürənlərinin qardaş ölkəyə gəlişi ilə, yanğınların söndürülməsində göstərdikləri fədakarlıqlarla bağlı yayılan görüntülər hər birimizi qürurlandırır. Bu günlərdə Türkiyə ictimaiyyəti dost və qardaş Azərbaycanın dəstəyindən danışır. Yanğınsöndürənlərimizin qəhrəmanlıqları ilə fəxr edir”.


Müəllif: Tapdıq Qurbanlı