Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu gün bütün dünya üçün örnəkdir. “İki dövlət, bir millət” prinsipinə əsaslanan bu münasibətlər özünü daha açıq şəkildə göstərir. Bölgədə baş verənlər və bunun fonunda iki dövlətin eyni ideyadan çıxış etməsi bir sıra zəruri amilləri özündə ehtiva edir. Sözsüz ki, iki qardaş xalqın birlikdə atdığı addımlar, reallaşdırdığı nəhəng layihələr bölgədə sülhə, əməkdaşlığa, qarşılıqlı münasibətlərin inkişafına xidmət edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun fikrincə, II Qarabağ müharibəsindən sonra iki qardaş ölkə arasında müəyyənləşmiş proqrama əsasən nəzərdə tutulmuş bütün məsələlər ardıcıllıqla həll olunur:
“Azərbaycan və Türkiyənin ortaya qoyduğu mövqe bölgədəki digər dövlətlərin də maraqlarına xidmət edir. Sözsüz ki, əməkdaşlıqla maraqlı olan hər bir dövlət yaranmış platformadan istifadə edə bilər”.
Millət vəkili hesab edir ki, “iki dövlət bir ordu” anlayışı ilə həyata keçirilən ardıcıl hərbi təlimlər sülhə, təhlükəsizliyə xidmət edir:
“Hər bir dövlətin suveren haqqıdır ki, öz müttəfiqləri ilə hərbi və bir sıra sahələr üzrə qarşılıqlı sıx münasibətlər yaratsın. Bu mənada qardaş Türkiyə ilə Azərbaycan arasında hər bir sahədə olduğu kimi hərbi sahədə də formalaşan münasibətlər iki dövlətin iradəsi əsasında mümkün olub. Bu yanaşmalar, hərbi strateji əməkdaşlıq isə heç bir halda digər tərəflərə yönəlməyib. Məhz bu səbəbdən də Azərbaycanla Türkiyə arasında reallaşan ardıcıl hərbi təlimlərdən başqa dövlətlərin narahatlığı başa düşülən deyil”.