Bakıda İranın Müqəddəs Müdafiə Həftəsinin 41-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbir keçirilir.
Teleqraf.com xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının hərbi vəzifəli şəxsləri və digər bir sıra rəsmi şəxslər, eləcə də Azərbaycan Respublikasında akreditə edilmiş xarici ölkələrin səfirləri və hərbi attaşeləri iştirak edirlər.
Mərasim müqəddəs “Quran”dan ayələrin oxunması ilə başlayıb.
Daha sonra Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutəni İrana qarşı 41 il öncə törədilən təcavüzkarlıq aktından bəhs edib. O, İran xalqının bu müharibədən qalib ayrıldığını deyib.
O, İran Silahlı Qüvvələrinin keçmişdə və indi İran xalqı kimi böyük bir dayağının olduğunu deyib. C.Furutəni hazırda İran Silahlı Qüvvələrinin mövcud olan gücündən danışıb. İranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində İraq və Suriya kimi ölkələrdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığını, bu yolda böyük qurbanlar verdiyini deyib.
Hərbi attaşe İranın Azərbaycanla yaxşı münasibətlərinin olduğunu və bu əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayıb. C.Furutəni İranın birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana köməyini əsirgəmədiyini, Azərbaycanın öz torpaqlarına olan suveren hüquqlarını hər zaman müdafiə etdiyini söyləyib.
Daha sonra İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi çıxış edib. Səfir bildirib ki, İran xalqı 1980-88-ci illərdə davam edən müharibə zamanı qəhrəmanlıqla öz ərazi bütövlüyünü təmin edib: “İran İslam Respublikası bu illər ərzində həmişə çalışıb ki, bir çox sahədə, o cümlədən hərbi sahədə hərbi qüdrətini öz heabına gücləndirsin”.
Səfir daha sonra deyib:
“İranın hərbi qüdrəti hər zaman regionda ona dost ölkələrin təhlükəsizliyinin və sabitliyinin keşiyində olub və olacaq. İran mehriban qonşuluq siyasətini prioritet hesab edərək regionda bütün ölkələr üçün sülh və sabitliyin təmin olunmasından çıxış edir. Bir halda ki, biz Azərbaycandayıq, bizim arzumuz qardaş Azərbaycanda daim sülh, sabitlik və əmin-amanlığın olmasıdır. İki ölkə arasında birgə dini, mədəni və tarixi qardaşlıq əlaqələri köklərinin olduğunu nəzərə alaraq əlaqələrimiz bu köklər üzərində davam edəcək".
Qeyd edək ki, İranın Müqəddəs Müdafiə Həftəsi dedikdə İraqın keçmiş diktatoru Səddam Hüseyn rejiminin hərbi təcavüzünə qarşı İranın müdafiəsinə başlanması nəzərdə tutulur.