28 Sentyabr 2021 17:03
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, ötən ilin 27 sentyabrına qədər bölgədə olan mənzərəni, Vətən müharibəsinin başlamasının xronologiyasını necə şərh etmək olar?

- 44 günlük bir Zəfər, erməni faşistləri üzərində əldə olunan tarixi Qələbə regionda və beynəlxalq arenada Azərbaycanın mövqeyində ciddi üstünlüklər qazandırdı. Bu faktor Azərbaycanın bütün sferalardakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Vətən müharibəsindən öncə ATƏT-in Minsk qrupu, ayrı-ayrı beynəlxalq təşkilatlar faktiki olaraq Ermənistanın maraqlarına xidmət edən yanaşmalar sərgiləyirdi. Məqsəd də o idi ki, ”status-kvo” daha çox uzansın, proses Ermənistanın xeyrinə olacaq tərzdə davam etsin. Eyni zamanda belə bir təəssürat da yaradırdılar ki, bu vəziyyət dəyişməz olaraq qalacaq. Amma bütün bunlara baxmayaraq Azərbaycan ən müxtəlif platformalarda bu məsələni ciddi şəkildə ortaya qoyurdu. Əsas çağırış ondan ibarət idi ki, Ermənistana ciddi şəkildə təsir edilməlidir. Beynəlxalq təşkilatların qərarlarını icra etmədiyinə görə, Ermənistana sanksiyaların tətbiqi məsələsi də vacib amil kimi vurğulanırdı. Prinsip də o idi ki, bütün mümkün təzyiq rıçaqlarından istifadə etməklə Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun. Bu amil məhz heç bir müharibə olmadan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması kimi mühüm addımları özündə ehtiva edirdi. Amma bütün təkidlərə baxmayaraq nə Ermənistan nə də Minsk qrupu, həmçinin beynəlxalq təşkilatlar bu məsələyə dair konkret addım atmaq istəmirdi. Hətta Azərbaycandan da tələb edilirdi ki, münaqişənin sülh yolu həllindən başqa alternativi ola bilməz. Azərbaycandan istənilən o idi ki, müharibə variantı mümkünsüzdür. Məhz ötən ilin 27-i sentyabrına qədər olan mənzərə bu cür xronologiya ilə qeyd oluna bilər.

- Müharibədən sonra bölgədə durum dəyişdi. Azərbaycanın yaratdığı yeni reallıq münasibətlərdə də əksini tapdı...

- Ötən ilin 27 sentyabrından sonra olan mənzərə tamamilə dəyişdi. Ermənilərin Azərbaycan torpalarından hərbi-siyasi yolla çıxarılması bütün dünyada heyrətlə qarşılandı. Bu həm də Azərbaycana qarşı olan yanaşmaları dəyişdi. Sözsüz ki, Azərbaycana 44 günlük müharibə dövründə də təzyiqlər, təhdidlər var idi. Bu hal Prezident tərəfindən də dəfələrlə vurğulanıb. Minsk qrupunda təmsil olunan dövlətlərin bəziləri belə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirdi. Amma bütün bunlara baxmayaraq Azərbaycan lideri bu təzyiqləri böyük məharətlə dəf edərək başlanmış olan Vətən müharibəsini qələbə ilə sonlandırdı. İndi isə situasiya fərqlidir. Artıq Azərbaycanın yaratmış olduğu reallıqla razılaşırlar. Ermənistanın özünə təzyiqlər edilir ki, Azərbaycanın sülhlə bağlı təkliflərinə müsbət reaksiya versin. Çünki əsas təzyiq rıçaqları indi Azərbaycanın əlindədir. Azərbaycan da bu haldan məhərətlə istifadə edir.

- Prezident İlham Əliyevin ötən gün xalqa müraciəti zamanı verdiyi mesajlardan hansı nəticələr çıxarılmalıdır?

- Sözsüz ki, Vətən müharibəsinin başlanılmasının və şəhidlərimizin Anım Günü ilə bağlı bağlı dövlət başçısının xalqa müraciətində bir sıra vacib məsələlər diqqətə çatdırıldı. Ermənistana və ona havadarlıq edənlərə mühüm mesajlar verildi. Eyni zamanda Azərbaycanın bütün sferalar üzrə üstün mövqeyi açıq şəkildə ifadə olundu. Ona görə də qarşı tərəf faşizm və revanşism kimi zərərli mövqeyindən mümkün qədər tez bir zamanda uzaqlaşmalıdır. Bu, onun düşmüş olduğu acınacaqlı durumunu daha da ağırlaşdıra bilər. Bunun əksinə Azərbaycan bu gün bölgədə aktiv və aparıcı mövqeyə sahibdir. Azərbaycanın yaratdığı reallıq bütövlükdə bölgənin inkişafını, xalqların qarşılıqlı münasibətlər fonunda inteqrasiyasını özündə ehtiva edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər