22 Oktyabr 2021 10:58
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada epidemioloji vəziyyət getdikcə kəskinləşir. Müxtəlif növ ştammların yayılması təhlükənin miqyasını daha da artırır. “Delta” ştammından sonra virusun yeni mutasiyası – AY.4.2-nin yayılmağa başlayıb. Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada da bu mutasiya aşkarlanıb. Mütəxəssislər də bildirir ki, yeni ştamm hətta "delta" ilə müqayisədə daha yoluxdurucudur, eyni zamanda bu ştamma yoluxan bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var.

Bunu Teleqraf.com-a Mili Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, yeni mutasiya daha çox kontakta meyillidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir:

“AY.4.2-yə yoluxmuş şəxslərin xəstəliyi ağır və çox ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə olunur. Bu əlamətlər vəziyyətin daha kritik mərhələyə keçəcəyini deməyə əsas verir. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir. Çünki hazırda virusdan qorunmağın yeganə yolu vaksinasiyadır. Ölkəmizdə də vaksinasiya prosesi aparılır”.

Könül Nurullayeva söyləyib ki, bu gün əhali 4 növ vaksindən - “Sinovac”, “Astazeneca”, “Pfizer”, “Sputnik”dən istifadə edir:

“Bu vaksinlərin hər biri effektiv və təhlükəsizdir. Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb. Lakin bu, kütləvi immunitetin formalaşması üçün yetərli deyil. Məlumdur ki, immunitetin artması yoluxma ehtimalını azaldır və ağırlaşmanın daha az müşahidə edilməsinə səbəb olur. Son vaxtlar dünya ölkələrində buster dozanın alınması sürətlənir. Qüvvətləndirici doza ilə yanaşı insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunması vacibdir. Biz bu qlobal bəladan yalnız sosial məsuliyyəti artırmaqla vaksinasiyada daha fəal iştirak edərək xilas ola bilərik”.


Müəllif: Tapdıq Qurbanlı