27 Oktyabr 2021 20:13
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilməsi Azərbaycanın öz ərazilərində qurub-yaratmaq istəyinin, prinsipiallığının göstəricisi idi. Qardaş ölkə Türkiyə Prezidentinin təyyarəsinin Füzuli Hava Limanına enməsi işğaldan azad olunmuş ərazilərimizdə strateji əhəmiyyətə malik kommunikasiyanın formalaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanları regionun inkişafında mühüm rola malikdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin də iştirakı xüsusi önəmə malikdir:

“Azad olunmuş ərazilərdə yol-nəqliyyat, enerji təminatı, kənd təsərrüfatı, sənaye obyektlərinin tikintisi sözsüz ki, bölgənin inkişafında mühüm amildir. Bu eyni zamanda Ermənistanın dağıdıcı siyasəti fonunda Azərbaycanın quruculuq missiyasını, ərazilərin əsl sahibinin kimliyini ortaya qoyur. Ölkəmiz 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə bölgəyə sülh, inkişaf və tərəqqi gətirib. Ermənistan isə 30 ilə yaxın bu regiona fəlakət gətirən dağıdıcılıq siyasəti yürüdüb”.

Millət vəkili hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyəti, sarsılmaz birliyinin əyani təzahürüdür:

“Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq, qardaşlıq regional və dünya miqyasında önəmli amilə çevrilib. Bu iki qardaş ölkə arasındakı birlik artıq bütün dünya üçün nümunəvi xarakter daşıyır. Liderlərin əməli fəaliyyəti milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirir. Bu gün öz Liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır, qəbul edilir”.


Müəllif: Tapdıq Qurbanlı