5 Noyabr 2021 09:26
2 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibədən sonra Fransa hökuməti əsasən 1915-ci ildə fransız hərbi gəmisi ilə imperiyanı tərk etmiş Osmanlı ermənilərindən ibarət “Şərq legionu” (“Legion d'Orient”) adlı üç batalyondan ibarət mütəşəkkil “Erməni legionu” (“Legion Arménienne” adlanır) qurdu və işğal məqsədilə “Kilikiya”ya göndərdi. Bu, Türkiyənin cənub-şərqində, Aralıq dənizinin şimal-şərq sahili boyunca uzanan və Bağdad dəmir yolunun təhlükəsizliyini təmin edən bölgə idi”.

Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) “12 ayda 12 müsahibə” layihəsinin bu dəfəki qonağı amerikalı tarix professoru Şon Mak-Mikindir.

Teleqraf.com TASFO-nun rəhbəri Fatih Özonurun amerikalı tarixçi ilə müsahibəsini təqdim edir.

- Bu yaxınlarda “Osmanlının son oyunu: Müharibə, inqilab və müasir Yaxın Şərqin qurulması - 1908-1923” adlı kitabınız nəşr olundu. Araşdırmalarınıza əsasən, Birinci Dünya Müharibəsi zamanı həm Rus İmperiyası, həm də Antanta dövlətlərinin Osmanlı İmperiyasını parçalamaq üçün həyata keçirdiyi siyasət barədə nə deyə bilərsiniz? Onların Osmanlıda yaşayan azlıqlardan (ermənilər kimi) bu məqsədlə hansı formada istifadə etdiklərinə dair şərhiniz necədir?

- İlk növbədə, Antanta dövlətləri ilə Birinci Dünya Müharibəsindən əvvəlki dövr (1908-1914), müharibə dönəmi (1914-18) və savaşdan sonrakı işğal/müdaxilə ( 1918-1923) dönəmini ayırd etməliyik. Fransanın, xüsusən də İngiltərənin Osmanlı İmperiyasında həm müharibədən əvvəl, həm də savaş zamanı müxalif qruplarla əlaqə qurması doğru olsa da, fransız-ingilis maraqları və intriqaları daha çox ərəb vilayətlərinə yönəlmişdi. Fransanın Suriya və Livana, Britaniyanın isə Ərəbistan, Fələstin və Mesopotamiyaya (müasir İraq) diqqət yönəltdiyini görürük.

İngilislər 1916-cı ildə başlayan məşhur “Ərəb üsyanı” ilə həm ərəb millətçiliyini, həm də Balfur bəyannaməsi ilə sionizmi inkişaf etdirib istifadə etdilər. İngiltərə, ümumiyyətlə erməni qruplarına rəğbət bəsləsə də, ingilis hökuməti Osmanlı ermənilərinə real dəstək verməyib, onları daim məyus edib. Məsələn, 1915-ci ildə ingilis qoşunlarının İskəndərun və ətrafında əməliyyat keçirməsinin arzulandığı kimi. Müharibənin sonunda Suriyada general Allenbinin ordusuna bağlı erməni legionu vardı, onların tərkibindəki ünsürlər 1918-19-cu ilin qışında “Kilikiya”ya girdilər. Amma onlar, ümumiyyətlə Osmanlı İmperiyasının daxilindən yox, kənardan ingilis ordusunda işə götürülən, silahlandırılan və təlim keçən rəsmi birliklər idilər. Təbii ki, bu ünsürlərin bəziləri imperiyadan qaçan keçmiş Osmanlı təbəələri olan ermənilərdi.

Rusiyaya gəlincə, Türkiyənin şərqindəki rus konsulları müharibədən əvvəl Osmanlı İmperiyasının tərkibindəki erməni qruplaşmaları ilə əlaqələr qurmuşdu, onları necə silahlandırmaları və sair barədə hesabat verdikləri həqiqətdir. Hələ də Rusiyanın bu qruplaşmalara birbaşa olaraq nə qədər maliyyə və ya maddi dəstək verdiyi, ən azı mənim gördüyüm sənədli sübutlardan aydın deyil.

Müharibə zamanı Rusiyanın ermənilərin partizan fəaliyyətlərini dəstəkləməsinə gəlincə, kuryerlər vasitəsilə daşınan (yəni teleqraf və ya radio ilə yox) məktubları haqda bir neçə nümunə gördüm, amma bundan daha əsaslı nəyisə dəqiq müəyyən etmək çətindir. Müharibənin əvvəlində rus konsulları, diplomatları və məmurları ölkəni tərk etdiyi və Osmanlı hökumətinin teleqraf stansiyalarına nəzarət etdiyi üçün istənilən əlaqə çox çətin idi. Osmanlı xəttinin arxasında rus ordusunu aşkar şəkildə dəstəkləmək məqsədi güdən ermənilərin bəzi partizan fəaliyyətləri olsa da, mən şəxsən geniş hərbi koordinasiyanın sübutunu görmədim.

- Hərbi tarixçi Edvard J. Erikson “Osmanlılar və ermənilər: Qiyama qarşı mübarizə üzrə araşdırma” adlı kitabında Şərqi Anadoluda əsasən “erməni qiyamçılar”ın təşəbbüsü ilə baş verən üsyanların 1915-ci ildə onların kütləvi surətdə deportasiyası üçün hərbi zərurət yaratdığını iddia edir. Amma ermənilər bu kütləvi deportasiyanın əslində “onları məhv etmək cəhdi” olduğunu iddia edirlər. 1915-ci ildə Osmanlıda yaşayan ermənilərin başına gələn hadisələr haqda nə deyə bilərsiniz?

- Bu, vacib, amma cavablandırılması çox çətin sualdır. Mən bir tarixçi kimi keçmişdə ölkələri üçün qərarlar vermiş dövlət xadimlərini dəqiq kəşfiyyat məlumatlarına əsaslanmadıqca bugünkü dəyərlərlə mühakimə etməkdən həmişə çəkinirəm.

Osmanlı İmperiyası 1915-ci ilin yanvarın əvvəllərində Sarıqamışda Rusiyanın Qafqaz Cəbhəsinə məğlubiyyəti, fevral-mart aylarında Gelibolu döyüşləri və nəhayət aprelin 25-də Gelibolu əməliyyatlarından sonra çətin duruma düşmüşdü. Rusların Şimali İranla (Güney Azərbaycan) Cənub-Şərqi Anadolu arasındakı alçaq vadidə, yaxud Urmiya gölü ilə Van gölü arasında davam edən əməliyyatlarını nəzərə alsaq, Vanda Gelibolu əməliyyatlarından əvvəl başlayan bu erməni qiyamları Osmanlının Rusiyaya qarşı mövqeyinə ciddi təhlükə yaradacaq ölçüdəydi. Şərq Cəbhəsinin dağılması hətta paytaxtın da təhlükə altında olması deməkdi. Təbii ki, Osmanlının Rusiyanın cəbhə xəttinə yaxın sərhəd ərazilərində erməni partizanlarını və onların havadarlarını tərksilah etmək və ya onları başqa ərazilərə köçürməyə çalışmaq üçün müəyyən hərbi səbəbləri vardı.

Erməni köçkünləri deportasiya vaxtı Suriya səhralarında, çatdıqları mənzillərində qida, su, ərzaq və sığınacaq çatışmazlığı ilə üzləşmişdilər. Bundan başqa, köç zamanı keçdikləri yerlərdə ayrı-ayrı tayfaların hücumlarına məruz qalmışdılar, eyni zamanda sənədləşdirilmiş digər ölüm hallarını nəzərə alaraq bunu “planlaşdırılmış məhv edilmə” adlandırırlar. Mənim səmimi fikrim budur ki, bu, humanitar faciə idi, buna “soyqırım niyyəti” demək mümkün deyil. Müharibə dövründə, ehtirasların gücləndiyi və şərtlərin sürətlə dəyişdiyi vaxtda həmişə dəhşətli hadisələr baş verə bilər. Amma düşünmürəm ki, Osmanlının erməniləri xalq olaraq tamamilə məhv etmək üçün düşünülmüş planı olub.

- Birinci Dünya Müharibəsi zamanı və ondan sonra yerli “erməni qiyamçılar”ı Şərq Cəbhəsində müttəfiqlərin işğalçı qüvvələrinin maraqları naminə hansı rolu oynayıblar?

- Vanda yuxarıda qeyd etdiyimiz qiyamla yanaşı, Rus Qafqaz ordusunda xidmət edən, əsasən sərhəd bölgələrində maşa rolunu oynayan erməni könüllü batalyonları vardı. Bu könüllülərin əksəriyyəti ya müharibədən xeyli əvvəl Rusiyaya getmiş, ya da bu ərazilər rus qoşunları tərəfindən işğal edildikdən sonra Osmanlı təbəələri olmaqdan çıxaraq ruslara qoşulmuşdular. Müharibə başlayandan sonra onların neçə faizinin Osmanlı torpaqlarından qaçanlardan ibarət olduğu dəqiq deyil. 1915-ci ildə Maraş, Bitlis, Zeytun və digər şəhərlərdə Osmanlı xəttinin arxasında səpələnmiş partizan qiyamları haqda məlumatlar var, amma onların şiddəti və miqyası ilə bağlı təxminlər mübahisəlidir.

Müharibədən sonra Fransa hökuməti əsasən 1915-ci ildə fransız hərbi gəmisi ilə imperiyanı tərk etmiş Osmanlı ermənilərindən ibarət “Şərq legionu” (“Legion d'Orient”) adlı üç batalyondan ibarət mütəşəkkil “Erməni legionu” (“Legion Arménienne” adlanır) qurdu və işğal məqsədilə “Kilikiya”ya göndərdi. Bu, Türkiyənin cənub-şərqində, Aralıq dənizinin şimal-şərq sahili boyunca uzanan və Bağdad dəmir yolunun təhlükəsizliyini təmin edən bölgə idi. Bu legionun etnik tərkibi dərhal yerli sakinlərin nəzərinə çarpmışdı. Xüsusən də işğal zamanı erməni legionunun müsəlman dinc əhaliyə qarşı vəhşiliklər törətməsi xəbəri yayıldıqdan sonra. Halbuki onlar partizan və ya “inqilabçı” qruplaşmalar deyildilər, rəsmi olaraq işğalçı silahlı qüvvə idilər. Bu qüvvə 1920-ci ildə legionu müşayiət edən mülki ermənilərlə birlikdə Fransa Suriyasında döyüşərkən ağır itki verdi.

- Türk mənbələrində 1915-ci il aprelin 20-də Vanda başlayan erməni qiyamı və bu səbəbdən yerli müsəlman əhaliyə qarşı törədilmiş kütləvi qətliamlar və Van şəhərinin ruslar tərəfindən tutulması 27 may 1915-ci il tarixli “Kütləvi Deportasiya Sərəncamı”nın işə salınmasına zəmin yaradan amillər kimi təqdim olunur. Araşdırmalarınız işığında “Van üsyanı” ilə bağlı bizə hansı məlumatı verə bilərsiniz?

- Van qiyamı ilə bağlı çox araşdırma apardığımı deyə bilmərəm. Rusiyanın hərbi arxivlərində Vandan olan erməni partizanlarının Tiflisdəki Rusiya Hərbi Komandanlığına ən azı iki xəbəri kuryerlərin paltarlarına tikilmiş formada apardıqlarına dair sənədlər tapdım. Bu onu göstərir ki, Vandakı daşnaklar və başqa qruplaşmalar rus ordusuna kömək etdiklərinə inanırdılar. Amma fikrimcə, bu, həm də onu göstərir ki, rusların üsyandan əvvəl onlarla birbaşa əlaqəsi və ya onlar arasında teleqraf rabitəsi ilə qurulan kəşfiyyat koordinasiyası olmayıb.

- Qiyamçı erməni komitələri Antanta dövlətləri ilə intensiv əməkdaşlıq etsələr də, Şərqi Anadoluda istədikləri “suveren Ermənistan dövləti”ni qura bilmədilər. Sizcə bunun səbəbi nə idi?

- Osmanlı İmperiyasının hüdudlarından kənarda olan və Qahirə, London və Parisdə Antanta dövlətlərinə lobbiçilik etməyə çalışan müxtəlif erməni təşkilatları Ermənistan 1918-1920-ci illər arasında diplomatik və hərbi mübarizəni uduzduğu üçün fəaliyyətlərində uğursuzluğa düçar oldular. 1919-cu ilin yaz-yay aylarında Ermənistan Qars, Ərdəhan və Sarıqamış vilayətlərinin əksəriyyətini ələ keçirməyə müvəffəq olmuşdu. Ermənistanın etdiyi əsas səhv qismən həm Ermənistanı, həm də “ağlar”ı dəstəkləyən müttəfiqlərlə dostluq hissindən, qismən də qalib gələn Qırmızı ordunun ermənilərin müstəqillik arzularını alt-üst edəcəyindən haqlı qorxu ilə bağlı idi. Nəticədə Qırmızı ordu 1920-ci ildə ermənilərin qurduğu müstəqil dövləti ilhaq edib məhv edəcəkdi.

Antanta dövlətləri Ermənistana silahlı dəstək vermək üçün çox uzaqda olsalar da, bu gün “Ermənistan” tanınan ölkə Sarıqamış, Qars və Ərdahandan çıxmaq məcburiyyətində qalacaq, nəticədə Qarabəkirin türk qüvvələri ilə Qırmızı ordu arasında sıxılıb qalacaqdı. Bundan sonra Qırmızı ordu İrəvanı işğal edib Sovet Rusiyası adından Ermənistanı ilhaq edəcəkdi.

- “Ölüm və sürgün: Osmanlı müsəlmanlarının etnik təmizlənməsi - 1821-1922” adlı əsərində professor Castin Makkarti iddia edir ki, Anadoluda 3 milyondan çox müsəlman həyatını itirib, milyonlarla insan isə didərgin düşüb və etnik təmizləməyə məruz qalıb. O dövrdə Anadolu müsəlman əhalisinin yaşadığı itkilər haqda nə deyə bilərsiniz?

- Mən professor Makkarti kimi demoqraf deyiləm. Buna görə də bu məqamda onun tapıntıları ilə razılaşmalıyam.

- Türkiyə Cümhuriyyətinin Dövlət Arxivinin qeydləri göstərir ki, 1914-1922-ci illərdə əksəriyyəti türk və kürdlərdən ibarət yüz minlərlə Osmanlı müsəlmanı birbaşa Antanta ordusu və onların silahlandırdığı erməni quldur dəstələri tərəfindən qətlə yetirilib. Niyə Qərbin tarixi mənbələri bu müsəlman qurbanlarını görməzdən gəlir və yalnız erməni itkilərini “soyqırımı” adlandırır?

- Bunun bir neçə mümkün izahı var. Məsələn, yuxarıda qeyd etdiyiniz “Ölüm və sürgün” kitabında 1821-1922-ci illər arasında uzun bir zaman dövründən bəhs olunur. Müsəlmanların 1914-1922-ci illər arasında verdikləri can itkiləri ermənilərin 1915-ci ildə yaşadıqları fəlakət kimi dramatik bir dövrə təsadüf etməmişdən əvvəl daha uzun bir müddətdə baş verib. Amma mən bunu qismən insanların bütün itkiləri eyni dərəcədə qiymətləndirməsinin çətinliyi ilə əlaqələndirirəm. Düşünürəm ki, problem qismən tarixin yazılmasındadır.

Hətta 1923-cü ildə baş vermiş dramatik “Lozanna” prosesində belə, Qərb oxucusunun diqqətini daha çox Türkiyədən “xristian yunanların sürgün edilməsi” çəkmişdi. Yunanıstandan zorla çıxarılan müsəlman türklərə isə demək olar ki, heç maraq göstərilməmişdi. Mənim şəxsi fikrimcə, istər erməni, istər türk, istərsə də kürd, müsəlman və ya xristian olsun, bütün bu qurbanlar bizim nəzərimizdə eyni diqqətə layiqdirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər