10 Noyabr 2021 15:51
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri, erməni baş naziri arasında imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiya aktıdır. Tarixdə bu cür kapitulyasiya aktlarına rast gəlmək mümkündür. 1945-ci ildə Almaniyanın təslim olunması ilə bağlı da kapitulyasiya aktı imzalanıb. Bu aktla II Dünya müharibəsi başqa çatıb və SSRİ öz qələbəsini elan edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, Ermənistan siyasi rəhbərliyinin apardığı təxribatçı hərəkətləri, işğalın uzun müddət davam etməsinə şərait yaradan reallıqlar müharibəni qaçılmaz etdi: “30 ilə yaxın münaqişənin həlli ilə bağlı çağırışlar edildi. Məqsəd o idi ki, təsir imkanlarından istifadə etməklə Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması mümkün olsun. Bununla bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi.

Qətnamələrin icrası və vasitəçilik missiyası ATƏT-in Minsk Qrupuna həvalə olundu. Amma 28 ildə bu istiqamətdə bir addım belə irəliləyişə nail olunmadı. İşğalçı Ermənistan beynəlxalq hüquqa riayət etmədiyini, başqasının torpağını mənimsədiyini açıq şəkildə bəyan edirdi”.

Millət vəkili hesab edir ki, 2020-ci il 27 sentyabra qədər heç bir beynəlxalq hüquqa, sivil dəyərlərə hörmət etməyən Ermənistan növbəti hərbi təxribatlara əl atdı və bunun qarşılığında Azərbaycan əks hücüm əməliyyatlarına başlamalı oldu: “44 gün davam edən Vətən Müharibəsi Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı. 2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi isə Ermənistan ordusu, hərbi, siyasi rəhbərliyi tam iflic olduğunu sübut etdi. Məhz 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktı Ermənistanın tam məğlubiyyətinin rəsmi ifadəsi oldu. Üçtərəfli bəyanatın imzalanmasından sonra bir güllə atılmadan, şəhid verilmədən üç rayonumuz - Ağdam, Kəlbəcər, Laçın erməni silahlılarından boşaldıldı. Bununla da Azərbaycanın Ermənistanla olan 500 km-dən artıq sərhəd xətti bərpa edildi”.

Cavid Osmanova görə, üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanla quru yolla əlaqə yaranır: “Bu isə yeni bir reallıqdır. Zəngəzur dəhlizi ilə bütövlükdə türk dünyası ilə əlaqələr qurulur. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikləri icra edir. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələlərinin həlli gündəmdədir. Bütün bunların fonunda isə üçtərəflli bəyanatın şərtlərinə əməl olunmasa, Azərbaycan sarsılmaz iradəsi ilə proseslərin bundan sonrakı davamını təmin etməyə hazırdır”.


Müəllif: Tapdıq Qurbanlı