“Hesab edirəm ki, üç ölkənin liderinin iştirakı ilə keçiriləcəyi gözlənilən görüşdə Azərbaycan Prezidenti öz mövqeyini sona qədər müdafiə edəcək, onu dəyişməyəcək. Əksinə, hətta bir qədər də irəli gedəcək. Bu mənada ola bilsin ki, erməni tərəfi bir çox təkliflərdən imtina edəcək, yalvaracaq ki, Bakıdakı qənimətlər muzeyi götürülsün. Çünki bu, ermənilərə psixoloji olaraq pis təsir edir. Düşünürəm ki, ehtimal olunan görüşdə belə xırda məsələlər də olacaq. Amma ən əsası Zəngəzur dəhlizi məsələsidir”.
Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov deyib.
Firudin Cəlilov qeyd edib ki, Azərbaycan dövlət başçısı Zəngəzur dəhlizi məsələsini haqlı olaraq qabardır, çünki bu, Azərbaycan üçün ən lazımi məsələdir:
"Bu dəhlizin açılması Ermənistan üçün də vacibdir. Ermənilər bu nəfəslikdən istifadə etməklə düşdükləri blokadadan çıxacaq, Azərbaycan üzərindən Rusiyaya qədər gedib gedə biləcəklər. Bu mənada Zəngəzur dəhlizi Azərbaycan və qardaş Türkiyə üçün nə dərəcədə önəmlidirsə, ermənilər üçün də bir o qədər əhəmiyyətə malikdir”.
Firudin Cəlilov xatırladıb ki, onun özü nə danışıqlardan, nə də gedən proseslərdən məlumatlıdır, sadəcə həm müşahidələrini qeyd edir, həm də ürəyindən keçdiklərini qeyd edir: “Əlbəttə reallıq bir qədər fərqlidir. Hələ 44 gündə erməni lobbisi, erməniləri dəstəkləyən Qərb ölkələri səslərini çıxara bilmədi. Amma indi onlar Ermənistanı dəstəkləmək üçün əllərindən gələni edəcəklər. Hesab edirlər ki, bunun üçün geniş meydan açılıb. Sözsüz ki, belə şəraitdə bizim diplomatiyamız çevik olmalıdır. Onsuz da Azərbaycan regionda status-kvonu yerli-köklü dəyişib. Bizimlə hesablaşmaq zorundadırlar”.