“Azərbaycan dövlətinin Gorus-Qafan yolunun öz hissəsinə düşən ərazidə gömrük posutunu qurması və buradan keçən insanlara gömrük rejimini tətbiq etməsi tam qanunidir. Buna kimsə etiraz edə bilməz. Bu mənada Bakının davranışlarını normal qarşılamaq lazımdır”.
Bunu Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Partiya sədri deyib ki, Azərbaycan dövləti öz ərazisindən keçən hissədə gömrük postu qurmaq, orada gömrük rejimi tətbiq etmək və buradan keçən insanlardan yol vergisi almaq hüququna malikdir.
Onun sözlərinə görə, bu addımla Azərbaycan yeni nəsə kəşf etmir: “Çünki dünyada təxminən belə qayda-qanun müəyyən edilir. Həm də bu, məxsusi olaraq Ermənistanla bağlı deyil. Başqa ölkənin vətəndaşlarına, avtomobillərinə tətbiq edilir. Yəni yol vergisi alınmalıdır və bunu təbii qarşılamaq lazımdır. Sözsüz ki, erməni tərəfi hər şeydə bəhanə axtarır, baş verənləri şişirtməyə çalışırlar. Guya Azərbaycanın onların hüquqlarını pozduğunu göstərməyə çalışırlar. Saman çöpündən belə yapışırlar. Amma Azərbaycanın siyasəti düzgündür, qanunlara əsaslanır və həyata keçirilməlidir”.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, hazırda Azərbaycan tərəfinin Gorus-Qafan yolunda hansı gömrük rejimini tətbiq etməsindən dəqiq məlumatı yoxdur: “Məncə, əsasən yol vergisi alınmalıdır. Buna, biz torpaqbasdı da deyirik. Bu vergi olmalıdır. Üstəlik gömrük yoxlamaları da həyata keçirilməlidir. Çünki Azərbaycan ərazisindən hansı yüklərin daşındığını bilməliyik. Mümkündür ki, onlardan da rüsum alınsın”.