“Regionda Rusiyanın maraqları təmin olmadığı üçün biz təxribatların şahidi oluruq. Ermənilər heç vaxt müstəqil olmayıb və ola da bilməz. Bu təxtibatların hamısını erməni mənşəli rus zabitləri həyata keçirir. Mən bir qədər araşdırma aparmışam. Rusiya ordusunun içərisində 2 minə yaxın zabit heyəti, bir bu qədər də aşağı zabit heyəti erməni kökənlidir. Təxmini hesablarmalara görə, Rusiya ordusunda 10-12 minə yaxın erməni mənşəlilər var. Onların da Rusiya hərbi kəşfiyyatının əli ilə Qarabağda təxribat törətməsinə problem yoxdur”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində və Qarabağda müşahidə olunan erməni təxribatlarının səbəbləri haqqında danışarkən deyib.
Cümşüd Nuriyev bildirib ki, Rusiya istədiyini və umduğunu ala bilmir.
Onun qənaətincə, Rusiya arzulayırmış ki, Xankəndi kimi Şuşa da onun tabeçiliyində olsun: “Bu səbəbdən də müharibə zamanı ora raket də atdılar. Elə Bakı istiqamətində də raket atılmışdı. Bütün bunlara rəğmən Azərbaycan çox uğurla əməliyyat keçirdi. Rusiya bilir ki, Xankəndi və Xocalı ilə status ala bilməyəcək. Dünyanın heç bir nöqtəsində 25-30 min adama muxtariyyət statusu verilmir. Çalışırdılar ki, Qarabağda 100 minə yaxın erməni yaşasın, amma bu da alınmır. Bu səbəbdən də Xocalıda təxribat edib rus sülhməramlıya heykəl qoyur. Dünyanın heç bir nöqtəsində sülhməramlıya heykəl qoyulmayıb. Bunlar Afrika təfəkküründə düşünürlər. Mən ehtimal edirəm ki, təxribatlar davam edəcək. Burada müsbət hal odur ki, bizim ordumuz hazır vəziyyətdədir və təxribatlara qarşı dərhal reaksiya verir”.
Politoloq qeyd edib ki, bəzi qüvvələr hadisələrin mahiyyətini anlamadan danışırlar: “Azərbaycan uğurlu siyasət yürüdür. Ermənilərin təsir edə biləcəyi müəyyən ərazilərdə köçkünlərin qayıtmasını gecikdirir. Çünki onlar mülki əhalini vura, qorxuda, təxribata çəkə bilərlər. Azərbaycan hakimiyyəti çalışacaq ki, qısa müddət ərzində Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdamda məskunlaşdırsın. Bu mənada Ermənistana yaxın sərhəd kəndlərində məskunlaşma bir qədər gecikə bilər. Bu da tamamilə normal addımdır. Ərazi tam təhlükəsiz vəziyyətə gətirildikdən sonra addımlar atılacaq”.