16 Noyabr 2021 21:00
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Musa müəllim, Ermənistanda yaşanan hakimiyyət böhranı və bunun nəticələrini necə şərh etmək olar?

- Ard-arda müdafiə və xarici işlər nazirinin, eyni zamanda digər rəhbər şəxslərin vəzifədən uzaqlaşdırılması Ermənistanda hakimiyyət böhranının dərinləşdiyinin göstəricisidir. Bu, daxili sabitliyin, vahid bir rəhbərliyin, mövqesizliyin yaratdığı vəziyyətdir. Məğlub erməni cəmiyyəti özündə güc tapıb toparlana bilmir. Hazırda Ermənistan siyasi hakimiyyəti vahid istiqamətdə siyasətini və ideologiyasını müəyyənləşdirə bilməyib. 44 günlük müharibədə Ermənistana elə bir zərbə dəyib ki, nə iqtidar, nə də müxalifət özünə gələ bilmir. Bu hal bir müddət belə də davam edəcək. Paralel olaraq Ermənistanda vahid bir siyasi xətt yoxdur. Bu mənada erməni baş nazir Nikol Paşinyanın tez-tez müdafiə nazirlərini dəyişməsi də 44 günlük müharibədəki uğursuzluğun nəticəsi kimi qəbul edilir.

- Azərbaycanla sərhəd xəttində erməni tərəfinin yaratdığı gərginliyə səbəb nədir?

- Son günlər Azərbaycan Ermənistan dövlət sərhəd xəttində, Şuşa-Laçın yolunda baş verən təxribatlar bu ölkədə müharibə partiyasının yenidən “dirçəlmək” istəyini göstərir. Erməni tərəfi mümkün qədər Zəngəzur koridorunun açılmasına, sərhədlərin delimitasiya və demorkasiya proseslərinə maneə olmağa çalışır. Eyni zamanda Sərkisyan və Köçəryan cütlüyünün revanşist addımları müşahidə edilir. Sözsüz ki, Laçın-Şuşa yolunda erməni terrorçunun etdiyi təxribat cəzasız qalmamalıdır. Bu günə qədər Ermənistan tərəfindən edilən hər bir cəhdin, təxribatın qarşısı qətiyyətlə alınıb. İstənilən təxribata layiqincə cavab verilib. Bundan sonra da belə olacaq. Çünki bu terror aktı bir nəfərin edəcəyi bir cəhd deyildi. Ola bilsin ki, müəyyən bir qruplar bu “işdə” yer alıb. Amma bütün bu cəhdlər hər zaman olduğu kimi uğursuzluğa səbəb olacaq. Azərbaycan tərəfindən ən sərt qabaqlayıcı və cavab tədbirləri görülür və bundan sonra da görüləcək. Çünki Azərbaycan artıq problemi həll edib. Qarabağın dağlıq, aran və Zəngəzur hissəsinin problemi yoxdur. Dövlətimizin sarsılmaz iradəsi ortadadır. Ona görə də tez bir zamanda sərhədlər dəqiqləşməli, Zəngəzur koridoru, Laçından Biçənək aşırımına gedən yol açılmalıdır. Sözsüz ki, bütün bunlar ardıcıl şəkildə həllini tapacaq. Çünki Azərbaycan dövləti bu addımlarını böyük inamla atır. Həmçinin region dövlətlərinin iqtisadi maraqları da burada mühüm əhəmiyyətə malikdir.

- Türk dövlətlərinin yeni bir formatda birliyinin formalaşması proseslərə nə dərəcədə təsirli görünür?

- Türk dövlələri birliyinin mövqeyi bəllidir. Amma türk dövlətləri təşkilatının yaranması da bəzi təxribatçıları narahat edə bilər. Çünki bu regionda sabitliyi istəməyən qüvvələr mövcuddur. Amma proseslər artıq arxada qalıb. Azərbaycan və qardaş Türkiyənin nəzarəti ilə proseslər ardıcıl olaraq icra edilir. Ona görə də Azərbaycan öz inamlı yolunda uğurla addımlamaqdadır. Amma bütün bunların fonunda Ermənistan tərəfindən ara-sıra olan təxribatları da gözardı etmək olmaz.

- Hazırda Ermənistanda geniş bir anti-Rusiya ritorikası yaranıb. Bu, hansı zərurətdən ortaya çıxıb?

- Bu təzə bir ritorika deyil. 44 günlük müharibənin gedişində də Ermənistanda anti-Rusiya ritorikası güclənmişdi. Sosial şəbəkələrin Ermənistana aid seqmentində, erməni saytlarında “Rusiya bizi satdı, bizi aldatdı” kimi şüarlar səslənirdi. Anti-Rusiya ritorikası olsa da hakimiyyətdə olan qüvvələr, Sərkisyan-Köçəryan cütlüyü Rusiyanın dəstəyi olmadan Ermənistanın mövcud olmayacağının fərqindədir. Müstəqil siyasət yürüdən Azərbaycan isə həm Rusiya, həm də digər qonşularımızla normal, bərabərhüquqlu ələqalər qurmaqda davam edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər