23 Noyabr 2021 09:56
2 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində, Azərbaycan bu gün de-fakto Zəngəzurdadır. Bu, bəzi şəxslər tərəfindən dəqiq şəkildə ifadə olunmasa da, bəzən mübaliğəli, bəzən ifrat aqressiv yanaşmalarda yer alsa da, Azərbaycan fundamental olaraq Zəngəzur dəhlizinin reallaşdırılmasına nail olur. Ermənistan mətbuatını yaxından izləyənlər, bu dəhlizin keçəcəyi yerlərdə baş verən prosesləri və buradakı demoqrafik vəziyyəti, yaxud əhalinin yerdəyişməsi ilə bağlı gedən gəlişmələri diqqətlə müşahidə edirlərsə, düşünürəm ki, bu proseslərdən nəticə çıxara bilərlər”.

Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Dekabrın 15-də Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Bu görüşdən gözləntiniz nədir?

- Həm Avropa Birliyinin, həm də bu ittifaqa üzv olan bir sıra dövlətlərin mövqeyini əsas götürərək, Brüsseldə keçiriləcək bu görüşdən ciddi gözləntilərim yoxdur. Amma mahiyyət etibarilə təmasların davam etdirilməsi bundan sonrakı prosesin tənzimlənməsində müsbət rol oynaya bilər. Digər yandan, bu görüşün üstün cəhəti ondan ibarətdir ki, Avropa Birliyi indiki şərtlər daxilində və ya Azərbaycanın qələbəsinin legitimliyini qəbul etməklə prosesin bundan sonrakı davamında yer almaq istəyirsə, bu, müsbət tendensiyadır. Bu, regionda yaranmış yeni reallıqların qəbul olunmasına müəyyən qədər işarə edir.

Avropa Birliyinin vasitəçiliyi ilə keçiriləcək Brüssel görüşü regionda bundan sonrakı proseslərin daha müsbət istiqamətə inkişafı və kənar müdaxilələrin qarşısının alınması baxımından müsbət tendensiya kimi dəyərləndirilə bilər.

Hər halda görüşün nəticələrini gözləmək lazımdır. Amma bu görüşdə fundamental sənədin qəbul olunması və ya sülh sazişinin imzalanması kimi önəmli bir hadisənin baş verəcəyi mövcud şərait baxımından inandırıcı görünmür.

- Avropa Birliyindən əvvəl Rusiya tərəflər arasında vasitəçilik etsə də, buna nail ola bilməmişdi. Niyə Moskvaya yox, Brüsselə razılıq verildi?

- Düşünürəm ki, Rusiya da Avropa Birliyinin belə bir təşəbbüs irəli sürməsində, Azərbaycan və Ermənistan liderlərinin də bu prosesdə iştirakında maraqlıdır. Çünki regionda yaranmış reallığın daha çox ölkə tərəfindən qəbul olunması Rusiyanın indiki maraqlarına cavab verir. Söhbət birbaşa müdaxilədən yox, tənzimlənmənin hansısa platforma üzərində inkişafından gedir.

Rusiyanın vasitəçiliyi ilə görüş məsələsinə gəldikdə, bunun baş tutmasına mane olan bir sıra amillər ortaya çıxdı. Bu faktor da müxtəlif istiqamətlərdən dəyərləndirilməlidir. Ola bilsin ki, Ermənistanın həyata keçirdiyi təxribatların təməlində də, bu görüşə mane olmaq niyyəti olub. Bu niyyətdə üçüncü tərəflərin iştirak etməsi də mümkündür. Regiondakı təsir imkanlarını ənənəvi formada qoruyub-saxlamağa çalışan kənar qüvvələrin proseslərə hansısa formada təsir etməsi ehtimalı var. Bu ehtimallar da dilə gətirilib.

Düşünürəm ki, Rusiya prosesdə bir çox tərəfin nəzəri şəkildə iştirakında maraqlı olsa da, regionda baş verəcək və ya bundan sonra da inkişaf edəcək faktiki proseslərdə ayrı-ayrı mərkəzlərin birbaşa iştirakını məqbul hesab etmir. Bu baxımdan, düşünürəm ki, Avropa Birliyinin təşəbbüsü ilə keçiriləcək görüşdə fundamental razılaşmaların əldə edilməsi mümkün olmayacaq.

Mən fundamental razılaşmaların yenə də Rusiyanın vasitəçiliyi ilə əldə ediləcəyini düşünürəm. Buna görə də, Avropa Birliyinin təşəbbüsü müsbət dəyərləndirilsə də, fiaskoya uğraması ehtimalı daha çoxdur.

- Türkiyə mətbuatında Zəngəzur dəhlizi ilə bağlı maraqlı məlumat yayılıb. Bu məlumata görə, dəhliz gələn ilin may-iyun aylarında istifadəyə veriləcək. Bunun üçün ciddi əsaslar varmı?

- Bunun üçün kifayət qədər əsas var. Əslində, Azərbaycan bu gün de-fakto Zəngəzurdadır. Bu, bəzi şəxslər tərəfindən dəqiq şəkildə ifadə olunmasa da, bəzən mübaliğəli, bəzən ifrat aqressiv yanaşmalarda yer alsa da, Azərbaycan fundamental olaraq Zəngəzur dəhlizinin reallaşdırılmasına nail olur. Ermənistan mətbuatını yaxından izləyənlər, bu dəhlizin keçəcəyi yerlərdə baş verən prosesləri və buradakı demoqrafik vəziyyəti, yaxud əhalinin yerdəyişməsi ilə bağlı gedən gəlişmələri diqqətlə müşahidə edirlərsə, düşünürəm ki, bu proseslərdən nəticə çıxara bilərlər.

Bir sözlə, türk mediası tərəfindən irəli sürülən ehtimal bu aralıqda həyata keçə bilər. Bunun üçün çox ciddi əsaslar var. Onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması istiqamətində nəzərdə tutulmuş işlər lazımi qaydada həyata keçirilir, infrastuktur layihələri gerçəkləşdirilir. Öncə nəzərdə tutulmuş işlər görüləcək, daha sonra əlaqləndirmə prosesi çox qısa zamanda həyata keçiriləcək ki, regiondakı mövcud şərtlər də bunu diktə edir.

- Bəs o vaxta qədər Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi məsələsi həllini tapa bilərmi?

- Sərhədlərin delimitasiya və demarkasiyası çətin bir prosesdir. Nəzər almaq lazımdır ki, Azərbaycanın bəzi əraziləri uzun illər işğal altında olduğu üçün Ermənistanla aramızda faktiki sərhədlər olmayıb. Doğrudur, sovet dövründən qalma inzibati xəritələrdə sərhədlərin dəqiq haradan keçdiyi göstərilir, amma eyni zamanda o dönəmdə Azərbaycan əraziləri ilə bağlı bir sıra qərarlar olub ki, bunlar suveren hüquqlarımıza zidd olaraq həyata keçirilib.

Azərbaycan SSRİ-yə bu ittifaqdan istədiyi vaxt ayrılmaq hüququ olan müstəqil dövlət kimi daxil olub. Bu müddət ərzində formal olsa belə, dövlət statusunu qoruyub-saxlayıb. Azərbaycanın müəyyən ərazilərinin hansısa formada Ermənistana verilməsi mövcud dünyanın standartlarına uyğun gəlməyən idarəetmə sistemə tərəfindən həyata keçirilib ki, bu sistemin özündə xalqın iradəsini əks etdirən imkanlar olmayıb. Yəni Azərbaycan xalqı həmin ərazilərin Ermənistana verilməsində iştirak etmədiyinə görə bu qərarlar legitim hesab edilə bilməz.

Ola bilsin ki, bu, sonrakı proseslərin tərkib hissəsidir. Bütün hallarda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri var. Delimitasiya və demarkasiya prosesi də bu sərhədlər daxilində baş tuta bilər.

Sərhədlərin dəqiqləşdirilməsi iki tərəfin razılaşmalarından asılıdır. Bu proses üçüncü tərəfin hansısa formada burada iştirakını nəzərdə tuta bilməz. Çünki söhbət dövlətlərarası sərhədlərdən gedir.

Amma Ermənistan bura üçüncü tərəfləri cəlb etməyə çalışır. Bununla da Azərbaycanı üçüncü tərəflərlə üz-üzə qoymaq niyyəti güdür. Ermənistan öz sərhədlərinin qorunması ilə bağlı Rusiya hərbi kontingentinin sülhməramlı adı altında bu prosesə cəlb edilməsini istəyir. Sülhməramlı da elə bir anlayışdır ki, bu, yalnız münaqişə olan bir prosesə cəlb oluna bilər.

Demarkasiya və delimitasiya isə münaqişə anlayışına uyğun gəlməyən bir prosesdir. Söhbət sərhədlərin dövlətlərin suveren hüquqlarından və sərhədlərinin toxunulmazlığından gedir.

Ermənistan isə Rusiya sülhməramlılarını yox, sərhədçilərini öz sərhədlərinə cəlb edə bilər. Bununla bağlı 1992-ci ildə Rusiya və Ermənistan arasında müqavilə imzalanıb. Rusiya sərhədçilər bu müqaviləyə əsasən, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyurlar. İndi bu müqaviləyə dəyişiklik etməklə, neytral ərazilərin olması şərti ilə Rusiya Ermənistanın Azərbaycanla sərhədlərini də qoruya bilər.

Sərhədlərin dəqiqləşdirilməsi prosesi isə yalnız Azərbaycan və Ermənistan arasında getməlidir. Təbii ki, neytral mövqeyi olan dövlət və ya dövlətlərin tərəflər arasında vasitəçilik etməsi mümkündür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər