12 Dekabr 2021 15:28
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi ulu öndərin adı ilə sıx bağlıdır. Ulu öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmağa nail olub.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub: “1969-cu il Azərbaycan SSR-in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olub. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilib. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır. Sovetlər birliyi dağıldıqdan sonra 1991-ci ildə xalqımız müstəqillik əldə etsə də səriştəsiz və naşı rəhbərlər, xüsusilə də AXC-Müsavat cütlüyünün ölkədə törətdiyi qanunsuzluqlar, xalqa edilən xəyanətlər nəticəsində Azərbaycan ciddi böhranlarla üz-üzə qalmışdı. 1993-cü ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun, başıpozuqluğun son həddinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və bu, ümummilli hərəkata çevrildi. 15 iyun 1993-cü il tarixə Milli Qurtuluş günü kimi daxil oldu. Həmin gün müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı baş verdi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu”.

Millət vəklinə görə, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaqdan və milli fəlakətdən qurtardı: “O, Azərbaycan dövlətçiliyini xilas etdi. 1994-cü ilin may ayında atəşkəs imzalandı və Ermənistanın aktiv hərbi təcavüzünün qarşısı alındı. Ölkədə silahlı müxalifətin qarşısı alınaraq cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlaya bildi. Ümummilli liderimizin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı. Cəmiyyət həyatının bütün sahələrində aparılan köklü islahatlar Azərbaycanın simasını dəyişdirdi. 1995-ci ildə ümumxalq referendum yolu ilə qəbul edilmiş ilk konstitusiyamız dəqiq hakimiyyət bölgüsünü təsbit etdi, vətəndaş cəmiyyətinin hüquqi bazasını yaratdı. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin təməlini qoydu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verdi. Ölkədə bazar münasibətlərinə əsaslanan iqtisadi sistem təşəkkül tapdı. Aqrar islahatlar, özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Nəticədə əhalinin sosial rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmağa başladı. Daxili və xarici siyasət nəticəsində gündən-günə güclənən müstəqil Azərbaycan dövləti tezliklə beynəlxalq aləmdə özünə layiqli yer tutdu”.

Deputat vurğulayıb ki, 2003-cü ildən isə Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla davam etdirməsi Azərbaycanın davamlı inkişafını təmin etmiş oldu: “Ulu öndər Heydər Əliyevin 1994-cü il 20 sentyabr tarixində reallaşdırdığı “Əsrin müqaviləsi”nin bazasında yeni və daha böyük enerji layihələrinin həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi müstəqilliyini möhkəmləndirməyə xidmət etdi. Eyni zamanda Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində mühüm rol oynamağa başladı”.

Cavid Osmanova hesab edir ki, ulu öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi: “Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə ötən il Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılıb. Ona gör də, xalqımız öz xilaskarını heç zaman unutmayacaq, Müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı naminə ulu öndər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər