Ermənistan Baş naziri Nikol Paşinyan və erməni xalqı köhnə ədavətdən yapışıb qalmaqdansa, Türkiyə ilə iqtisadi-ticari əlaqələri inkişaf etdirmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Maltəpə Universitetinin professoru Həsən Ünal Rusiyanın Lenta.ru saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, Paşinyan bu yay seçkilərində seçicilərinə verdiyi vədləri yerinə yetirmək istədiyi üçün bu yolla getməyə qərar verib. Ekspert bildirib ki, Türkiyə hakimiyyəti işğal edilmiş Qarabağ yenidən Azərbaycanın tərkibinə qaytarılanadək Ermənistanla münasibətlərin normallaşmasına qarşı çıxırdı.
“2020-ci ilin payızında baş verən silahlı münaqişədən və Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli sazişin imzalanmasından sonra münasibətlərin normallaşmasına mane olan bu maneə aradan qaldırılıb”, - Həsən Ünal bildirib.
Ekspertin fikrincə, Ankara 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımadan belə bir proses mümkündür: “İrəvan bütün dünyada Türkiyə əleyhinə fəaliyyətlərdə iştirak etməsə, bu məsələ iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməyəcək”.
Bundan əvvəl Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla hava əlaqəsinin açıldığını deyib. O, həmçinin bildirib ki, Ankara və İrəvan diplomatik münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin edəcəklər.