İran və Azərbaycan arasında əlaqələr sərhədlərin toxunulmazlığı və ərazi bütölüyü prinsipi əsasında qurulub. Həm Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə, həm də 44 günlük Vətən müharibəsi dövründə İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İran Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini dəstəkləyib və Azərbaycan bunu yüksək qiymətləndirir.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi regional təhlükəsizliyə təhdid yaradırdısa, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi region üçün yeni inkişaf və iqtisadi artım imkanları yaradıb.
“Uzun illər ərzində İranla Azərbaycan arasında olan sərhədin 132 kilometri erməni işğalı altında idi. Azərbaycanın bu əraziləri işğaldan azad etməsi İranla Azərbaycan arasında əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Hesab edirik ki, biz yaxın gələcəkdə orada nə qədər perspektivlərin olmasını müşahidə edəcəyik”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, işğala son qoyulması nəticəsində yaranan yeni müsbət amillərdən biri də 3+3 əməkdaşlıq platformasıdır.
“İran bu formatı ilk dəstəkləyən ölkələrdən olmuşdur. Tükiyə və Azərbaycan prezidentləri bu əməkdaşlıq formatı barədə bəyanat verdikdən sonra İran və Rusiya bu formata dəstək verən ilk ölkələr oldu. Bu, regionun inkişafına müsbət töhfə verən önəmli bir platformadır”, - deyə nazir bildirib.