6 Yanvar 2022 17:01
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazaxıstanda baş verən hadisələri ürək ağrısı ilə izləyirik. Birincisi ona görə ki, türk qardaşlarımızın müstəqil dövlətində belə hadisə baş verir. Hadisənin baş vermə səbəbləri müxtəlifdir".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, iqtisadi məsələlərlə bağlı xalqın etirazı oldu, ardınca bu etiraz digər istiqamətə yönəldildi:

"Yanğın, basqın, silah ələ keçirmə və s. bunların hamısı arzuolunmaz haldır. Etirazı dinc formada meydanlarda da səsləndirmək olardı. Təbii ki, bu məsələdə etirazçıların və dövlətin məsuliyyəti var. Amma biz burada məsuliyyət axtarışında deyilik. Bizim gördüyümüz budur ki, bu məsələdə qalib tərəf yoxdur. Çünki meydana çıxanlarda, onlara qarşı dirənən polislər də bir xalqın övladlarıdır. Bu da yəqin ki, Qazaxıstan tarixində qara hərflərlə həkk olunacaq. Amma bunların hamısı Qazaxıstanın daxili problemləridir. Hadisələrə KTMT-nin hərbi müdaxiləsi başa düşülən deyil, daxili işə qarışmaq kimi dəyərləndirilməlidir. Çünki Qazaxıstana hansısa qonşu dövlətdən hərbi təcavüz yox idi.

Ümid edirəm ki, Qazaxıstandakı hadisələr tezliklə sakitləşəcək, məsələlərə aydınlıq gətiriləcək. Artıq kadr dəyişiklikləri var, hökumət istefa verib. Qiymət artımı ilə bağlı yaranan məsələlərə baxmaq üçün komissiya yaradılıb və qiymətlər endirilib. Ümid edirəm ki, bu kimi addımlar etirazçıları qane edəcək".

Çingiz Qənizadə digər bir məsələni də xüsusi vurğulayıb:

"Sosial şəbəkələrdə Azərbaycanda da bu kimi hadisələrin baş verə bilməsi ehtimalı ilə bağlı çağırışlara rast gəlinir. Xalqın zəif təbəqəsinə toxunmaq və onu qıcıqlandıran qüvvələr baş qaldırıblar. Amma belə hesab edirəm ki, bu insanlar yanlış yoldadırlar. Ölkədə xalqı qızışdırmaq kimlərinsə arzusu ola bilər, amma reallaşa bilməz. Çünki bu gün ölkə sabitliyi Azərbaycan dövləti üçün olduqca vacib məsələlərdən biridir. Belə hesab edirəm ki, erməni faşistləri ilə hələ qurtarmamışıq. Rusiya sülhməramlılarınin nəzarəti altında yaşayan ermənilər hələ Azərbaycanın Konstitusiya və qanunlarını qəbul etmək istəmirlər. Eyni zamanda, çox istərdim ki, hökumət ölkədə son qiymət artımları ilə bağlı məsələni ciddi nəzarətə götürəcək və müəyyən kompensasiya ödəməklə qiymətlərin artmasının qarşısını alacaq. İstərdim ki, ölkədə inhisarçılıq aradan qaldırılsın. Sahibkarlar üçün problem yaradan maneələr aradan qaldırılsın. Son olan hadisələr bu demək deyil ki, Qazaxıstanda olan etirazlar Azərbaycanda da olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər