11 Yanvar 2022 13:02
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci ilin yanvarın 11-də Moskvada qəbul etdikləri ortaq bəyanatın qəbulundan 1 il keçdi. Moskvada heç bir siyasi sənəd imazalanmadı, sadəcə ortaq bəyanat qəbul olundu. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim olunacaq. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin yayımladığı analitik məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, bu bir ildə bəyanatın yalnız işçi qrupun yaradılması bəndi yerinə yetirilib:

“Altqruplar barədə məlumat yoxdur, martın 1-ə qədər də heç bir sənəd hazırlanmadı. Doğrudur, Nikol Paşinyan bir il içərisində kommunkasiya xətlərinin açılması məsələsini erməni cəmiyyətinə qəbul etdirib, ancaq işlər ləng gedir. Moskva 11 yanvar bəyanatının həyata keçirilməsini sürətləndirmək üçün əlaltısı İrəvana təzyiq etmir. Əksinə, Moskvada 11 yanvarda bəyanat qəbul olunarkən, Kremlin nəzarətindəki “Sputnik” agentliyinin Ermənistandakı ofisi Moskva görüşü barədə məqalə paylaşmaq əvəzinə Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dolar zərər vurub” və “Ermənistan Sünikdə nə qədər torpaq itirdi” yazılarını yayımlayırdı.

Kreml ötən ilin bu vaxtı Rusiyadakı tanınmış ermənilər Ara Abramyan və informasiya ruporu Marqarita Simonyan kimilər vasitəsilə Nikol Paşinyana təzyiq edirdi. Paşinyan bir il sonra Rusiya ilə birgə hərbçilərini Qazaxıstana göndərdikdən sonra Kremlin ağalığını tam olaraq qəbul edib. Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir”.

Məqalədə Paşinyanın KTMT-nin son toplantısında səsləndirdiyi fikirlərə də diqqət çəkilib:

“Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin yanvarın 10-da onlayn müzakirəsində Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsi arasında məntiqsiz paralel apararaq bunları dedi: “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz-üzə qala bilər”.

Bununla Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərdi.

Göründüyü kimi, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Təsadüfi deyil ki, Paşinyan “Qazaxıstanla Azərbaycan arasında paralellər apararkən”, erməni saytları dezinformasiya yayaraq guya Azərbaycan hərbçilərinin Qarabağda dinc sakinləri atəşə tutması xəbərini yayırdı. Dezinformasiyanın məqsədi aydındır. Ermənistan hakimiyyəti Qazaxıstandakı “xidmətinin əvəzində” Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onların da “dərdinə” şərik çıxmasını istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər