“ABŞ və Rusiya arasında danışıqların birinci raundu başa çatıb. İkinci raund bu gün Brüsseldə baş tutur. Baxmayaraq ki, Brüsseldə danışılarda yalnız ABŞ iştirak etmir, hər halda burada da ciddi müzakirə aparılır. Bundan başqa, danışıqların növbəti raundu ATƏT çərçivəsində həyata keçiriləcək. Bu əslində onu göstərir ki, ABŞ danışıqları şaxələndirib. Baxmayaraq ki, Cenevrədə keçirilən ABŞ-Rusiya danışıqlarına Avropa ölkələri buraxılmadı”.
Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.
Abbasov qeyd edib ki, danışıqların bu formatda keçirilməsi əslində öncədən razılaşdırılıb:
"Cenevrə danışıqlarının nəticəsinin ortada olduğu haqda fikir və informasiyalar olsa da, bununla razılaşmaq çətindir. Ən əsası ona görə ki, Avropa nümayəndələri həmin görüşdə iştirak etməyib. Baxmayaraq ki, avropalı diplomatlar da bu müzakirələrdə iştirak etmək niyyətində idi".
Əli Abbasov deyib ki, indidən bu danışıqlarla bağlı proqnoz vermək qeyri peşəkarlıq olardı:
“İlk növbədə üç raundlu danışıqların başa çatmasını gözləmək və bundan sonra ümumi qiymət vermək olar. Hələlik danışıqların mahiyyəti bilinmir. Əlbəttə, Qazaxıstanda baş verən son olaylarda müzakirə ediləcək. Halbuki Qazaxıstanda baş verənlər haqqında tam təfarrüat bilmirik. Amma bir şey dəqiqdir, əksər NATO ölkələri deyir ki, Rusiyanın tələbləri qəbuledilməzdir. Çünki Rusiya bəzi ölkələrin ümumiyyətlə NATO-dan çıxmasını istəyir. Bunu Putinin ultimatumu kimi də qiymətləndirmək olar. İndilikdə Qərb Putinin ultimatumunu müzakirə edir. O ayrı məsələdir ki, bir var ultimatumu müzakirə edirsən, bir də var qəbul edirsən. Əsas məsələ budur: Putin tələbləri qəbul ediləcəkmi, ya yox. Biz bunu aydınlaşdırmaq üçün aparılan danışıqların nəticəsini gözləməliyik”.