"Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu, mənə dəqiq məlumdur".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni, siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlərinə də beləcə qısqanclıqla yanaşırdılar. Yadınızdadırsa, bir müddət bundan əvvəl - keçən il, mənim fikrimcə Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu.
Yəni, prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir. Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də bu gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur.
Təcrübə məsələsinə gəldikdə isə, təcrübə yaxşı şeydir, lakin o halda ki, bu, müsbət təcrübə olsun. Buna görə düşünürəm ki, onlar özləri bir şey fikirləşib tapmalı, bir qərara gəlməlidirlər", - Dövlət başçısı qeyd edib.