“Axı Rusiyanın özünün də atdığı addımlar var. Rusiya bütün post-sovet məkanını özünün “arxa bağça”sı hesab edirsə, burada yerləşən ölkələrin daxili işlərinə müdaxilə edirsə, Krım və Donbası işğal edibsə, Ukraynanın Rusiyaya münasibətlərinin kəskinləşməsini burada da axtarmaq lazımdır. Bu münasibətlərin kəskinləşməsi özbaşına olmadı. Məhz Rusiyanın atdığı addımlara görə Ukrayna anti-Rusiya mövqeyi tutdu. İndi də NATO-ya üzv olmaq istəyir ki, özünü Rusiyadan qoruya bilsin. Qərbi kənara qoyaq, Rusiyanın atdığı addımlar Ukraynada ciddi təpkilərə səbəb olub və onlara ciddi problemlər yaradıb”.
ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiyanın Ukrayna ilə sərhəddə misli görülməmiş sayda canlı qüvvə və hərbi texnika yerləşdirməsi haqda məlumat dolaşır. Üstəgəl, Belrusa “S-400” diviziyası göndərdi. İndi əsas sual budur ki, həqiqətənmi Rusiya Ukraynaya hücum edəcək? Hətta ABŞ Prezidenti Co Bayden də bununla bağlı açıq xəbərdarlıq etdi.
- Düşünmürəm ki, Rusiyanın özü birbaşa bu addımı atacaq. Krımın ilhaqını yada salaq: Rusiya orada qəribə bir taktikadan istifadə etmişdi. Yaşıl geyimli insanlar peyda oldu. Geyimlərində hansısa ölkənin bir işarəsi belə yox idi, bütün strateji obyektləri tutub, referendum keçirdilər və Krımın ilhaqını rəsmiləşdirdilər. Bundan sonra Rusiyanın rəsmi qoşunları Krıma daxil oldu. İndi Donbasda Rusiyanın birbaşa iştirakı və təsiri ilə iki qondarma qurum yaradılıb: “Donetsk” və “Luqansk respublikaları”. Ola bilsin ki, Rusiya bu qondarma qurumları tanıyaraq, onlarla müqavilələr imzalayıb Ukraynanın bu hissəsini ilhaq etmək yönündə müəyyən addımlar atsın. Yəni bu bölgəni birbaşa formada işğal etməsi indiki halda Rusiyaya lazım deyil.
Məncə, Rusiya daha qəliz və çətin oyun oynayır. Açığı, Qərbdən Rusiyanı sakitləşdirəcək və ya onu çəkindirəcək açıqlamalar, mesajlar da gəlmir. Qərb də bilir ki, açıq müdaxilə olsa belə, NATO ölkələri Ukraynaya görə Rusiya ilə vuruşmayacaq. NATO ilə Rusiyanın birbaşa toqquşması Üçüncü Dünya Müharibəsi və ya nüvə savaşına səbəb ola bilər ki, bu da dünyanın sonu deməkdir. Əlbəttə, bunu hamı anlayır. Buna görə də, Rusiyanın birbaşa müdaxiləsinə də ehtiyac qalmır. Donbasdakı iki qondarma qurumu tanımaqla Ukrayna ərazisində istədiyi hərəkətləri edə bilər. Bu, Rusiyanın köhnə taktikasıdır: bunu Abxaziya və Cənubi Osetiyada görmüşük.
- Eyni zamanda, ABŞ Rusiyanı tarixdə görülməmiş sanksiyalarla hədələyir. Rusiya Prezidenti Vladimir Putindən tutmuş oliqarxlara qədər bir çox nüfuzlu şəxsin hədəfə alınacağı xəbərdarlığı edilib. Amerika buna gedəcəkmi?
- 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrayna hadisələrindən sonra Rusiyaya çox sayda sanksiya tətbiq olundu. Bunlar Rusiyaya ciddi təsir etmədi. Rusiyaya təsir edə biləcək iki məsələ var: enerji resurslarının satışına qadağa qoymaq və onu SWIFT sistemindən çıxarmaq. Bəs indi bunun ikisini də etmək mümkündürmü? Zənnimcə, mümkün deyil. Avropa İttifaqı ölkələrinin 40 faizinin qaz ehtiyacı Rusiyadan asılıdır. Rusiyadan qaz almasalar, bunu nə ilə əvəz edəcəklər? Eyni zamanda, son illərdə Avropanın qaz bazarında qiymətlər fantastik həddə çatıb.
Təəssüf ki, həmin ölkələrin alternativ mənbələri yoxdur. Hətta ABŞ Dövlət Departamenti iri neft şirkətləri ilə sonradan mediaya sızdırılan gizli toplantı da keçirmişdi. O məsələ müzakirə olundu ki, Avropa Rusiya qazından imtina etsə, bunu Amerika əvəz edə bilərmi. Məlum oldu ki, Rusiyanın hər il Avropaya satdığı 180-190 milyard kubmetr həcmində qazı əvəz edəcək mənbə yoxdur.
Başqa bir problem ondan ibarətdir ki, Rusiya qazından imtina etməsələr, onu beynəlxalq SWIFT sistemindən necə ayıracaqlar. Yəni alınan neft və qazın pulunu Rusiyaya ödəmək lazımdır. Rusiyanı SWIFT-dən ayırsalar nə edəcəklər, nağd pulu təyyarələrə yükləyib göndərəcəklər? Yəni sanksiyaların da ciddi təsirinin olacağını düşünmürəm. Amma Putinin özünə, yaxın ətrafına və oliqarxlara kəskin sanksiyalar tətbiq edə bilərlər. Belə addımların atılması mümkündür, amma bunun Rusiyanı dayandıracağına inanmıram.
- Rusiya verdiyi hər açıqlamada bir fikri təkrarlayır ki, Ukraynanı qızışdıran Qərbdir, Amerikadır. Bu nə qədər məntiqlidir? Dediyiniz kimi olsa, yəni, Qərb Ukraynaya görə Rusiya ilə döyüşə girməyəcəksə, onda niyə Kiyevi ruhlandırırlar?
- Axı Rusiyanın özünün də atdığı addımlar var. Rusiya bütün post-sovet məkanını özünün “arxa bağça”sı hesab edirsə, burada yerləşən ölkələrin daxili işlərinə müdaxilə edirsə, Krım və Donbası işğal edibsə, Ukraynanın Rusiyaya münasibətlərinin kəskinləşməsini burada da axtarmaq lazımdır. Bu münasibətlərin kəskinləşməsi özbaşına olmadı. Məhz Rusiyanın atdığı addımlara görə Ukrayna anti-Rusiya mövqeyi tutdu. İndi də NATO-ya üzv olmaq istəyir ki, özünü Rusiyadan qoruya bilsin. Qərbi kənara qoyaq, Rusiyanın atdığı addımlar Ukraynada ciddi təpkilərə səbəb olub və onlara ciddi problemlər yaradıb.
Təbii ki, Qərb də Ukrayna və Rusiya arasında yaranmış vəziyyətdən öz maraqları üçün istifadə edir. Bu maraqları üçün tərəfləri üz-üzə qoymağa da gedir. Hətta, Bjezinskinin bir məşhur ifadəsi də var ki, Ukraynasız Rusiya heç vaxt “Böyük Rusiya” olmayacaq. Yəni bu konsepsiyadan da istifadə edirlər, bu görünür. Amma daha çox Rusiyanın atdığı addımlar Ukraynanı ona qarşı daha sərt mövqe tutmağa məcbur edir.
- Bəs Rusiyaya NATO-nun şərqə doğru genişlənməməsinə dair zəmanət veriləcəkmi? Bu yöndə ABŞ və NATO-nun Rusiya ilə apardığı danışıqlar nə ilə nəticələnə bilər?
- Demək olar ki, danışıqlar üçün son şansdır. Cenevrədə Entoni Blinkenlə Lavrovun görüşü olacaq. Rusiya çox sərt şəkildə tələb edir ki, Amerika tərəfi bu görüşdə Kremlin təkliflərinə yazılı zəmanət versin ki, nə Gürcüstan, nə Ukrayna, nə də digər post-sovet ölkələri NATO-ya üzv olmayacaq. Bu da son tələb deyil: NATO-dan 1997-ci ilədək olan vəziyyətə qayıtmağı tələb edir. Bu o deməkdir ki, Rumıniya, Polşa və Baltikyanı ölkələri də NATO ilə əlaqələrini kəsməli və alyansın bu ölkələrdəki hərbi bazaları çıxarılmalıdır. ABŞ və ya Qərbin bu sərt tələblərlə razılaşacağını düşünmürəm. Onsuz da, Rusiya bu təklifləri verəndə razılaşmanın olmayacağını bilirdi. Sadəcə olaraq, bütün məsuliyyəti Qərbin üstünə atmaq üçün bu cəhdi etmişdi. Amma ola bilsin ki, Cenevrə görüşündə danışıqların davam etdirilməsinə dair razılığa gəlsinlər.
Belə bir razılaşma ən azı indiki dövrdə vəziyyətin yumşalmasına səbəb ola bilər. Amma bu da çox çətin görünür. Qənaətimə görə, Rusiya yaxın günlərdə və ya həftələrdə Donbasdakı saxta qurumların rəsmi tanınması ilə bağlı qərar verəcək. Bu isə Krımdan sonra Donbasın da Rusiya tərəfindən ilhaqı demək olacaq. ABŞ prezidenti isə bəyan etdi ki, rus qoşunları Ukraynaya girsə, sərt sanksiyalar tətbiq olunacaq. 2014-cü ildən bəri rus qoşunları Ukraynadadır, yəni onsuz da giriblər. Krımda var, Donbasda var. Bu o deməkdirmi ki, Qərb artıq Donbas və Krımın ilhaqı ilə barışıb? Bu da ciddi sual yaradır. Düşünürəm ki, ortaq məxrəcə gəlinib, razılıq olmasa, Qərb gözünü yumacaq ki, Rusiya açıq şəkildə Donbasa girsin. Təəssüf ki, hər şey buna doğru gedir.