“İndi bir çoxları ABŞ-ın Rusiyanın tələblərinə verdiyi yazılı cavabın niyə açıqlanmadığının səbəblərini öyrənmək istəyir. Əslində siyasi təhlilçilər üçün bu səbəblər bəllidir. Ona görə açıqlamadı ki, sonrakı mərhələdə danışıqlar prosesi davam etsin. Yəni konfrantasiyaya gedilməsin”.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə “ABŞ hansı səbəblərdən Rusiyaya verdiyi rəsmi cavabı dünya ictimaiyyətinə açıqlamadı” sualına cavabında deyib.
Zərdüşt Əlizadə əlavə edib ki, ABŞ-ın cavabının açıqlanması konfrantasiya ab-havası yarada bilərdi:
“Amma qarşıdurma ABŞ üçün lazım deyil. Əksinə, Vaşinqton istəyir ki, danışıqlar üçün baza saxlanılsın ki, sonradan müzakirələr qapısı bağlanmasın. Rusiyaya ABŞ-ın rəsmi cavabının ictimaiyyət üçün açıqlanmamasının yeganə səbəbi budur”.
Politoloq qeyd edib ki, əslində mütəxəssislər üçün ABŞ-ın Rusiyaya verdiyi və publikaya açıqlanmayan cavabında nələrin olduğu elə də sirr deyil:
“Məsələn, cavabda ruslara deyiblər ki, biz qısa və orta məsafəli raket silahının məhdudlaşdırılmasına dair danışıqlar aparmağa hazırıq. Eyni zamanda deyiblər ki, yeni NATO ölkələrində zərbə qüvvələrinin məhdudlaşdırılmasına razıyıq. Amma biz deyə bilmərik ki, Ukrayna və Gürcüstanı NATO-ya qəbul edə bilmərik. Lakin sizə deyirik ki, yaxın 20-30 ildə bu ölkələri NATO sıralarına qəbul etməyəcəyik. Bu ölkələrə də deyəcəklər ki, siz hələlik NATO-ya üzv olmağa hazır deyilsiniz. Bu qədər sadə”.
Z. Əlizadəyə görə, məntiqlə belə cavab Moskvanı qane etməlidir:
“Onlar da anlayır ki, zilə qalxsalar, başları əzilər. Qərbin gücü daha çoxdur. ABŞ-ın dünya iqtisadiyyatında ümumdaxili məhsulunun həcmi 18 faiz, Rusiyanınkı 1,5 faizdir. 18 hara, 1,5 hara? Hələ demirəm ki, ABŞ və Avropanın birgə payı 40 faizdən çoxdur”.