İslam, xristian, yəhudilikdə və ümumiyyətlə dinlərin mahiyyətində əsas məqsəd dünyaya sülh bəxş etməkdir. Dinlərin hədəfi dünya xalqları arasında mehribanlıq, qarşılıqlı əməkdaşlıq, əminamanlıq və sülhün təmin olunmasıdır. Amma təəssüf ki, biz bunu ermənilərin nümunəsində görmürük. Xüsusilə erməni kilsəsi bu gün Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyi açıq şəkildə təbliğ edir. Erməni kilsəsi yenidən gəncləri döyüşə səsləyir.
Bunu Teleqraf.com-a İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Onun fikrincə, bunun kökündə duran amillər erməni kilsəsinin uzun müddət ayaqda qalmaq üçün əsas ideologiyadan istifadə etmək istəyidir: “Bu gün erməni kilsəsinin narahatlığı ondan ibarətdir ki, artıq Ermənistanda siyasət dəyişir və onun qonşuları ilə münasibətləri normallaşır. Sözsüz ki, bu da ümumilikdə erməni kilsəsinin “fəaliyyətinə” onun “ideologiyasına”, apardığı təbliğata ciddi təsir edəcək. Ona görə də, bu gün kilsə erməni cəmiyyətində bu cür zərərli təbliğatı aparır”.
Komitə üzvünə görə, əslində bu cür yanaşmalar din dəyərlərə zidd olan bir yanaşmadır: “Amma Ermənistanda artıq dindən “vasitə”, “alət” kimi istifadə edilir. Burada hansısa həqiqi dindarlıqdan, ibadətdən söhbət gedə bilməz. Allaha ibadət edən, onu sevən, qəbul edən insan onun yaratdğına qarşı müharibə aparmağı təbliğ etməz”.
Ceyhun Məmmədov hesab edir, saxtakarlar, yalançılar Ermənistanda din pərdəsi altında öz məqsədlərinə çatmaq istəyir: “Çünki indiki halda münasibətlərin normallaşması Ermənistanda revanşizm əhval-ruhiyyəsinə, digər xalqlara düşmənçilik siyasətinə ciddi təsir göstərəcək. Amma belə halların olması da qaçılmazdır. Ümimilikdə isə din bunun əksinə çıxır. Bu halların dinlə heç bir bağlılığı yoxdur. Bu, sadəcə olaraq qatı millətçilərin din adı altında öz məqsədlərinə çatmaq istəyən “din” xadimlərinin apardığı və həyata keçirmək istədiyi siyasətdir”.
Qeyd edək ki, Ermənistanın katalikosu 1-ci Aram erməni gənclərə yeni müharibə çağırışı edib. Keşiş “Erməni əsgərləri, yeni savaşa hazır olun! Biz müqəddəs savaşı davam etdirməliyik!” - deyə “mübarizəyə” səsləyib.