Hazırda Kəlbəcər-Göygöl, həm də Göygöldən Kəlbəcər istiqamətində tunelin çəkilişi davam edir. Bunu dövlət başçısı Gəncəyə səfərində də xüsusi olaraq vurğuladı. Ölkə başçısı Kəlbəcərə də Ömər aşırımından getmişdi. Sözsüz ki, bu yol qış aylarında qarla örtülü olduğu üçün orada avtonəqliyyat vasitələrinin hərəkəti bir qədər çətin olur. Eyni zamanda həmin iqtiqamətdə yeni yolun çəkilir. Gəncədən Kəlbəcərə və digər bölgələrə yolların yüksək səviyyədə olması dövlətimizin diqqət mərkəzindədir.
Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcəri təmsil edən deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Kəlbəcərdə hazırda davam edən geniş quruculuq-bərpa işləri üçün yol infrastrukturunun olması vacibdir:
“Ona görə də, ilk növbədə yolların çəkilməsinə diqqət ayrılıb. Bu azad edilən torpaqlarımızda gedən tikinti-bərpa işlərinə mühüm təsir edən amildir. Kəlbəcərdə qış fəslini nəzərə alaraq orada işlərin sürətlə getməsi o qədər də mümkün deyil. Buna baxmayaraq vacib olan işlər dayandırılmayıb”.
Deputat bildirib ki, Kəlbəcərədə mövcud olan dağ-mədən yataqlarının işlənməsi üçün artıq qardaş Türkiyədən dəvət olunmuş şirkətlər müəyyən araşdırmalara başlayıb:
“Bu da təbii resurslarımızdan istifadə etməyimiz üçün əhəmiyyətlidir. Həmçinin bu amil bölgədə inkişafa, tikinti-quruculuq işlərinin sürətlənməsinə müsbət təsir edəcək. Kəlbəcərin davamlı olaraq elektrik enerjisi ilə təmin olunması üçün zəruri işlər görülür. Artıq bir elektrik yarımstansiyanın tikintisi başa çatıb. Əldə edilən enerjidən Kəlbəcər şəhərində fəaliyyət göstərən müəyyən qurumlar istifadə edir. Daşkəsəndən Kəlbəcərə artıq yüksək gərginlikli elektrik xətti çəkilib. Eyni zamanda ikinci elektrik yarımstansiyanın yaxın zamanda istismara verilməsi gözlənilir”.
Aqil Məmmədov qeyd edib ki, yol infrastukturu lazım səviyyədə qurulduqdan sonra Kəlbəcərdə tikinti–quruculuq işləri daha geniş miqyas alacaq:
“Sovet dövründə də Kəlbəcərə Murov aşırmı yolundan qış aylarında geniş istifadə edilmirdi. Əsasən Tərtər-Ağdərə-Kəlbəcər magistral yolundan istifadə olunurdu. Bu tarixi bir yoldur. Hazırda həmin yolla rus sülhməramlılarının müşayiəti ilə hərəkət etmək mümkün olur. Müəyyən bir mərhələdən sonra bu yoldan da geniş istifadə ediləcək. Ermənistanla sərhədlərin dəqiqləşməsi məsələləri həll olunduqdan sonra digər proseslər də ardıcıllıqla öz qaydasına düşəcək”.