11 Fevral 2022 14:07
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramiz Mehdiyevin dünənki açıqlaması çox böyük məyusluq doğurur. Bu, həm də çox pis nümunədir. Akademiyanın prezidentinə, ziyalıya, normal düşüncəsi olan insana layiq açıqlama deyil. Ona görə də, dəyərli alimlərimiz Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaranmış olduqca ağır durumla bağlı vətəndaşlıq mövqeyini ortaya qoyublar. Sadə bir yanaşma var ki, Elmlər Akademiyası indiki durumdan, bataqlıqdan çıxmalıdır. Məhz bundan sonra AMEA Azərbaycan elminə töhfələr verə bilər. Çünki uzun illər boyu Azərbaycan elminə böyük töhfələr verən indiki Elmlər Akademiyası acınacaqlı bir zamanını yaşayır. Buna son qoyulmalıdır.

Bu sözləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Millət vəkili hesab edir ki, indi hamının istəyi AMEA-nı bu vəziyyətdən xilas etməkdir: “Mənim də, digər dəyərli insanlarımızın da niyyəti bundan ibarətdir. Mehdiyev bundan nəticə çıxarmaq, bacarmadığı işdən imtina etmək əvəzinə yenə də öz ampluasındadır. Yenə də hamıya qarşı kin-küdurət üfürür. O, özünün mənəvi dünyasını, baxışlar sistemini və xarakterini ortaya qoymaqdadır.

Ramiz Mehdiyevlə mənim münasibətlərimdə gərginlik 2001-ci ildən başlayıb. Çünki o zaman Rusiya onu “prezident” etmək istəyirdi. Ulu öndər Heydər Əliyevin səhhətində yaranmış problemlərdən istifadə edib əxlaqa və mənəviyyata sığmayan bir şəkildə hakim komandanın üzvü olmasına baxmayaraq, müxalifətlə iş birliyi qurmağa çalışırdı. Geniş şəkildə təbliğat aparırdı ki, guya Ramiz Mehdiyev Heydər Əliyevdən sonra Azərbaycanda yeganə “siyasətçidir” və komandada ən güclü adamdır, perspektivli bir şəxsdir. Bu kimi “etiketlərlə” özünü cəmiyyətə sırımağa çalışırdı.

Arxasında o zaman Kreml dayanırdı. Çünki Kremldə çoxlu dostları var. Həmin vaxt mən bununla bağlı ciddi bir yazı ilə çıxış etdim. 2001-ci ildə çıxan yazımda onun hərəkətlərini komandaya qarşı şərəfsizlik kimi dəyərləndirdim. Çünki o zaman Heydər Əliyev dövlətçiliyinə, onun siyasi kursuna sədaqətli olanların hər biri, eyni zamanda mən də cənab İlham Əliyevin təbliğatında yer alırdıq. Bu təbliğatda o zamanki Milli Məclisin xeyli üzvləri də var idi. Adi insanlarla yanaşı Eldar Əzizov da o komandanın içərisində idi”.

Partiya sədri bildirib ki, həmin şəxslər Heydər Əliyev siyasi kursunun davamı kimi ancaq İlham Əliyev amili üzərində dayanıblar: “Rəhmətlik Sirus Təbrizli də bu məsələ ciddi söz sahibi idi. Ramiz Mehdiyev o zaman bizim hamımıza düşmən kəsildi. Düşmənçiliyini bu günə qədər davam etdirir. Azərbaycan xalqı onu kənara qoyduğuna görə bu günəcən xalqımıza, ziyalılarımıza, işıqlı adamlarımıza, dövlətinə, dövlətçiliyinə maskalanmış şəkildə kin və küdurətlə, nifrətlə olan münasibətini davam etdirir.

Biz isə buna qarşı gedirik. Niyyətimiz dövlətçiliyimizi daha da gücləndirməkdir. Təkcə sözdə deyil, əməllərimizlə, konkret addımlarımızla cənab Prezident İlham Əliyevlə bərabərik. Ramiz Mehdiyev isə maskanlanmış şəkildə dövlətə qarşı çıxır”.

Fəzail Ağamalı Ramiz Mehdiyevin son açıqlamasında dövlətimizə qarşı pərdəarxası hücumların olduğunu söyləyib: “Tarix İnstitutunu bərbad vəziyyətə qoymağa çalışır. Tarix İnstitutu ermənilərə qarşı mübarizədə çox mühüm platformadır. Onun direktoru tədqiqatçı alim Kərim Şükürovu hədəfə alır. Ona görə AMEA-nın ağır durumdan çıxarmaq artıq ümummilli bir məsələdir. Burada şəxsi münasibətlər tamamilə istisna edilir. Millətin, cəmiyyətin elmi yoxdursa, onun gələcəyi də yoxdur.

Azərbaycanda elmin məbədi Elmlər Akademiyasıdır. Elmimizə töhfələr verən bir ocağı bu gün elə bir adamın əlindədir ki, onun, ümumiyyətlə, elmdən xəbəri yoxdur. Yazılır, göstərilir ki, Mehdiyevin imzası olan kitabların hamısını başqa adamlar yazıb. O, Akademiyanın müxbir üzvü olmadan birbaşa akadamik olub. Bunun heç bir sanballı, qələm sahibi kimi öz əllərindən, düşüncələrindən yaranan əsəri yoxdur. Elmlər namizədi, elmlər doktoru yetişdirməyib. Yalvarışlarla, xahişlə Akademiyada prezident olub.

Heç olmasa, bacardığı qədər imkan versin ki, orada alimlərimiz öz töhfələrini verə bilsin. Amma o, buna da imkan vermir. Təbii ki, son söz alimlərimizin üzərinə düşür. Onlar iradələrini ortaya qoyub Azərbaycan elminin xilası naminə Ramiz Mehdiyevin istefasını təmin etməlidir. Daha layiqli bir adamın AMEA-nın prezidenti kimi gətirilməsinə nail olunmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər