İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin Ağdama səfəri zamanı bu reallığın bir daha şahidi olduq. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri uğurla icra olunur. Artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməlinin qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam rayon Mərkəzi Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, Ağdam 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq: “Eyni zamanda, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.
Millət vəkili görülən bütün işlərin Azərbaycanın daxili vəsaiti hesabına reallaşdığını söyləyib: “İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanlar, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunub. Həmçinin, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edir. Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Dövlət başçısının dediyi kimi, bütün tarixi və dini abidələr bərpa olunacaq. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlayıb”.
Sevinc Fətəliyeva bildirib ki, tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür: “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Fondun bu istiqamətdəki fəaliyyəti xalqımız və cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır”.
Sədr müavini ölkə başçısının Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı səsləndirdiyi tezislərin əhəmiyyətinə toxunub: “Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır. Biz regionda sülhün və əməkdaşlığın tərəfdarıyıq. Ermənistan nə qədər tez bunu anlasa, bir o qədər özü üçün də yaxşı olacaq”.