Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə hesabatını Ermənistan tələsik olaraq öz hesabına diplomatik “qələbə” qismində yazdı. Gerçəklikdə isə bu hesabat Avropa Parlamenti timsalında beynəlxaq strukturların obyektivlik meyarı üzrə məğlubiyyəti, ikili standartlar siyasətinin isə növbəti ifadəsidir. Bunu əsaslandırmaq üçün beynəlxalq qurumların uzun illər münaqişənin dinc tənzimlənməsinə yaratdıqları süni maneələri xatırlatmağa ehtiyac yoxdur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, AP-nin Cənubi Qafqazın təhlükəsizlik məsələlərinə həsr olunan 42-ci bəndi Gürcüstan və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində mövcud vəziyyətindən bəhs edir:
“Hesabatda “Dağlıq Qarabağ”, “münaqişə”, “Minsk qrupu”, “xalqların öz müqəddəratını təyinetmə” kimi arxaik ifadələr müraciət yer alıb. Bu hesabatla tanış olanda elə təəssürat yaranır ki, sanki müəllif son 2 il ərzində baş verən proseslərdən təmamilə xəbərsizdir və ya məqsədyönlü şəkildə faktları əvvəlcədən razılaşdırılmış yanaşmaya uyğun seçib”.
Tamam Cəfərova hesab edir ki, Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə hesabatı mövcud reallıqlar nəzərə alınmadan hazırlanıb, qərəzlidir və beynəlxalq hüquqa ziddir: “Eyni zamanda, ATƏT-in əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipləri ilə uzlaşmır. Obyektiv reallıq isə çox sadə və konkretdir. Azərbaycan 44 gün ərzində davam edən əks-hücum əməliyyatı nəticəsində işğalçı Ermənistana məğlubiyyət yaşadıb, onu kapitulyasiya etməyə məcbur etdi. 10 noyabr tarixli üçtərəfli razılaşma ilə Azərbaycan döyüş meydanında əldə etdiyi uğurları sənədləşdirməklə yanaşı, işğal altında olan digər əraziləri də bir güllə atmadan belə geri qaytardı. Bu gün Azərbaycan ərazisində nə Dağlıq Qarabağ adlı qurum, nə də o adda münaqişə var”.
Millət vəkilinə görə, hesabat Minsk qrupunu yeganə beynəlxalq format adlandırsa da, regional stabillik üçün ekzistensional əhəmiyyət kəsb edən bu razılaşmanın hazırlanması və imzalanmasında Minsk qrupunun heç bir fəaliyyəti olmayıb:
“Sənəddə obyektiv reallığı yox, müəllifin subyektiv fikrini əks etdirdiyini isbatlamaq üçün Azərbaycan, Ermənistan, Aİ və Fransanın birlikdə keçirtdikləri son dördtərəfli görüşün yekunlarına müraciət etmək olar. Həmin görüşün yekunu olaraq yayaəlan bəyanatlarda “Dağlıq Qarabağ”, və “Minsk qrupu” ifadələrinə yer verilməyib”.