Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ötən illər ərzində tərəflər qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atıb. Prezident İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoq mövcuddur: “Bu görüş zamanı da Prezident İlham Əliyev prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına verdiyi töhfələri müsbət qiymətləndirib. Aİ münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhvə vermək istəyir. Bu da təşkilatın Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlı olduğunu göstərir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Aİ-nin 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: “Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Azərbaycanla Aİ arasında münasibətlərin inkişafında yeni reallıqlar öz əksini tapır. Ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artır. Ötən ilin dekabrında Prezident İlham Əliyevin Brüsselə səfəri, fevralın 4-də Aİ-nin sədri qismində Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti, erməni baş naziri və Aİ Şurasının prezidentinin videoformatda görüşü baş tutdu. Görüşlərdə regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün Avropa İttifaqının göstərdiyi bu təşəbbüslər diqqətə çatdırıldı.
Azərbaycan tərəfi itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsini qaldırdı. Azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işinə töhfə vermək üçün Aİ ölkəmizə 2 milyard avro güzəştli kredit ayırıb. Bu təşkilatın bölgəmizlə bağlı təşəbbüslərinin əhəmiyyətini təsdiqləyir. Enerji sahəsində əməkdaşlıq mühüm amil kimi önə çıxır”.