1 Mart 2022 18:25
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün faktiki olaraq Azərbaycan ərazisində rus sülhməramlılarının müvəqqəti nəzarəti altında bölgədə yaşayan qanunsuz separatçı qurumun “fəaliyyəti” müşahidə edilir. Ermənistana məxsus silahlılar da həmin ərazilərdə qalıb. Azərbaycanın tələbi də odur ki, əldə edilmiş razılaşmaya uyğun olaraq bu cür qanunsuz silahlı birləşmələr vaxt itirmədən ərazilərimizdən çıxmalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Moskvaya son səfərində də bu məsələ ilə bağlı bir daha açıq mövqe sərgilədi: “Ölkəmizin tələbi odur ki, Ermənistana məxsus hərbi birləşmələr bizim ərazimizdən çıxsın. Prosesi qətiyyən ləngitmək olmaz. Eyni zamanda digər həlli vacib olan məsələlər də həll edilməlidir”.

Millət vəkilinə görə, artıq Azərbaycan öz ərazisində hələ də qalmaqda olan separatçılarla bağlı addım atmağın vaxtının çatdığını hər kəsə bəyan edir: “Qarşı tərəf də Azərbaycanın sərgilədiyi bu mövqedən nəticə çıxarmalıdır. Ermənilər I Dünya müharibəsi, “Oktyabr sosialist inqilabı” və nəhayətdə Rusiyanın başının özünə qarışması hadisələrini unutmasın. Rusiya-Ukrayna müharibəsi elə bir durum yarada bilər ki, Ermənistanda olan müəyyən rus silahlıları öz taleləri ilə bağlı qərar verə bilər. Bu zaman ermənilərin nə edəcəyi maraqlıdır?”

Elman Məmmədov Azərbaycan tərəfindən Xankəndi və digər ərazilərdə hələ də yaşayan ermənilərə edilən növbəti xəbərdarlığın da mahiyyətinə toxunub: “Orada yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olub, bizim ərazimizdə yaşamaq hüququ ala bilər. Burada bir sıra mühüm prinsiplər var. 1988-ci ilə qədər bu ərazilərdə yaşayan ermənilərin yaşamaq hüququna baxıla bilər. Sonradan gələn ermənilər üçün bunun heç bir aidiyyatı yoxdur. Buna əməl etməyənlər də ərazimizi tərk etməlidir. Ona görə də, bu Azərbaycanın ermənilərə ciddi xəbərdarlığı idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər