4 Mart 2022 15:39
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı yaydığı bəyanatında bildirib.

Səfir açıqlamasında hazırda Bakıda olduğunu qeyd edib: “Kişinyovda Bakıya uçmaq qərarı verildi. Moldovadakı səfir Qüdsi Osmanov mənə və bəzi diplomatlara çarter reysi ilə uçmağı təklif etsə də, biz təyyarədə Azərbaycan dövlətinin pulsuz təxliyə etdiyi həmyerlilərimizin yerini tutmamaq üçün bu imkandan istifadə etmədik. Çox çətinliklə hamıya bilet aldıq, karvanı “yaşıl” dəhlizlə Rumıniyaya (Moldova və Rumıniya səfirliklərinin əməkdaşlarına təşəkkür) apardıq və təxliyə olunduq. Beləliklə, həyatlarına şəxsən cavabdeh olduğum 40-dan çox səfirlik əməkdaşı və onların ailə üzvləri xilas edildi. Hazırda səfirliyi minlərlə azərbaycanlı üçün sığınacaq adasına çevrilən Qüdsi Osmanova bir daha təşəkkür edirəm”.

Onun sözlərinə görə, Ukraynada olan onlarla, bəlkə də yüz minlərlə həmyerlimiz bu ölkəyə könüllü gəlib: “Hamının evakuasiyasını bir anda təşkil etmək mümkün deyil. Dözüm və səbr tələb olunur ki, bu da bəzən vətəndaşlarımızda olmur.

Kiyevdəki səfirliyimizdə sutkada 24 saat mümkün olduğu qədər çalışan kişi diplomatlar və mühafizəmizin əməkdaşları qalıb. Onlardan artıq etdiklərindən daha çoxunu tələb etmək mümkün deyil. Mənə və öz ailələrini təxliyə edərək Ukraynanı tərk edən digər əməkdaşlara gəldikdə, onlar vəziyyət imkan verdikdə geriyə qayıdacaqlar. Mən də həmçinin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər