Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh, kommunikasiya və sərhədlərin dəqiqləşdirilməsi məsələsinin gündəlikdə olmasını açıqlaması heç də təsadüfi deyil. Reallıqda əldə edilmiş razılaşmalara əsasən bu məsələlər qısa zamanda həll edilməli idi. Amma Ermənistanın qeyri-konstruktivliyi ucbatından bu proses uzanır. Prosesin indiki halda uzanması isə birbaşa Ermənistanın öz ziyanına olan məsələdir. Çünki iqtisadi çətinliklər, II Qarabağ müharibəsindəki axır məğlubiyyət fonunda Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə normal münasibətlər formalaşdırmaqdan keçir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor hesab edir ki, Paşinyan müstəqil qərar qəbul etmək iqtidarında deyil: “Onun asılı olduğu dairələr imkan vermirlər ki, hansısa bir qərara imza atsın. Eyni zamanda bu gün Ermənistanda olan müxalifətin də Paşinyana təsirləri nəzərdən qaçmamalıdır”.
Millət vəkilinə görə, Rusiya Prezidenti Vladimir Putinin Paşinyanla son telefon danışığından sonra onun belə açıqlama verməsi də təsadüf sayıla bilməz: “Amma Paşinyan bu məsələdə nə dərəcədə maraqlıdır? Ola bilsin, o, hansısa bir qərar qəbul etmək istəyir. Amma bunun yaradacağı nəticələrdən ehtiyat edir. Ona görə də, prosesin qısa zamanda yekunlaşması üçün konkret addım atılmalı, qətiyyət nümayiş edilməlidir. Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş üç razılaşmada Paşinyanın imzası var. Bu məsələdə onun məsuliyyəti daha böyükdür”.
Eldar Quliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda daimi sülhün olmasının vacibliyi bir daha gündəmə gəlir: “Bizim üçün maraqlı olan odur ki, sözdən əməli işə keçilsin. Kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfi öz üzərinə düşən bütün işləri icra edir. Zəngəzur dəhlizinin açılması tək iki dövlət deyil, bütün bölgə üçün mühüm bir vasitə olacaq. Yaxşı olardı ki, bununla bağlı erməni tərəfi düzgün qərar verə bilsin. Rusiya-Ukrayna arasındakı müharibə bir daha sübut etdi ki, hər bir dövlət qərarlarında müstəqil olmalıdır. Bu məsələdə kənar qüvvələrə inam, güvən sonradan bir sıra problemlərə yol açır”.