9 Mart 2022 21:28
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT 27-28 il ərzində özünün qəbul etdiyi məlum 4 qətnaməni icra etmədi. Azərbaycan təkbaşına BMT-nin 4 qətnaməsini 44 gün ərzində icra etdi. Artıq iki ilə yaxındır ki, Qarabağda müharibə bitib. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən Azərbaycan ərazisindəki separatçı qurumun tör-töküntüləri, Ermənistana aid olan hərbi birləşmələrin torpaqlarımızdan çıxarılması nəzərdə tutulmuşdu. Bu proses rus sülhməramlıların əraziyə daxil olması ilə paralel icra edilməli idi. Rus sülhməramlılarının da bu məsələdə öz üzərinə mühüm vəzifələr düşürdü. Çünki əldə edilən razılaşmada onların üzərinə bir çox öhdəliklər qoyulub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, iki ilə yaxın müddətdə rus sülhməramlıları öz üzərinə düşən vəzifələri icra etmək əvəzinə başqa işlərlə məşğul olub: “Həmin separatçıların qalıqları da bu və ya digər formada himayə edilib. Azərbaycan tərəfi də bununla bağlı öz mövqeyini dəfələrlə açıqlayıb. Dövlətimiz bu məsələlərlə bağlı öz etirazını bildirib. Amma bu problemlər həll olunmadığına görə, Azərbaycan öz ərazisində olan terrorçuları məhv etmək hüququnu özündə saxlayır. İstənilən dövlət öz ərazisində bunu etmək hüququna malikdir. Artıq bununla bağlı konkret addımlar atılır. Qanunsuz silahlıların ordumuzun bölmələrinə atəş açdığı nöqtələr dəqiqliklə susdurulur”.

Millət vəkilinə görə, bundan sonra Azərbaycanın anti-terror əməliyyatları geniş vüsət ala bilər: “Ərazimizdə olan qanunsuz silahlılar tam təmizlənənə qədər belə addımlar atıla bilər. Bu ərəfədə separatçıların fəallaşması isə başqa amillərlə bağlıdır. Rusiya-Ukrayna müstəvisində baş verən müharibə fonunda qondarma respublikalarla bağlı verilən qərarlar görünür, onlar üçün hansısa bir təsəlli kimi başa düşülür. Ona görə də, orada olan separatçı ermənilərin hansısa bir xəyala düşməsi qətiyyən yolverilməzdir”.

Elman Məmmədov hesab edir ki, Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik sənədində hər iki dövlət bir-birinin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazılığına görə öhdəlik götürür: “Eyni zamanda həmin sənəddə dövlətlərdən birinin təhlükəsizliyi üçün hansısa bir təhlükə yaranarsa, müstəqil hərəkət etməklə bağlı da müddəalar yer alıb. Ermənistan və oradakı revanşist qüvvələr deyəsən bu amilləri də yaddan çıxarır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər