9 Mart 2022 21:42
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu an üçün Ukrayna müharibəsində təşəbbüs Ukrayna ordusunun tərəfindədir. Belə davam etsə, Ukrayna ordusunun əks-hücuma keçə biləcəyi istisna edilməməlidir. Amma unutmayaq ki, Rusiyanın kifayət qədər ehtiyatları var. Fikrimcə, Rusiya məcbur olacaq ki, yeni qoşunları toplayıb Ukraynaya daxil etsin. Bu, müəyyən qədər vəziyyəti dəyişə bilər. Bu gün Ukrayna ordusunun müəyyən üstünlükləri var. Məsələn, tam olmasa belə, Ukrayna ordusu havaya nəzarət edir. Vəziyyəti nisbətən bərabərləşdirib”.

Bunu Teleqraf.com-a hərbçi ekspert Azad İsazadə deyib.

Hərbi analitik qeyd edib ki, bu müharibədə hava sahəsində Rusiyanın bir qədər üstünlüyü var, lakin Ukrayna tərəfi artıq bu üstünlüyü bərabərləşdirməyə çalışır.

Ona görə, ikinci mühüm məsələ quruda gedən döyüşlərdir: “Bu istiqamətdə üstünlük Ukrayna ordusuna məxsusdur. Açığı, rus ordusu heç nə edə, irəli gedə bilmir. Bununla paralel tərəflər arasında üç dəfə dialoq qurulub, lakin təəssüflər olsun ki, müharibəni dayandırmaq mümkün olmayıb. Eyni zamanda yaxın günlərdə Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada görüşüb müzakirələr aparmalıdır. Bu ana qədər Rusiya hərb meydanında nəsə etməyə çalışacaq. Əgər Rusiya Ukraynaya əlavə hərbi qoşunlar yeridəcəksə, deməli, vəziyyət yenidən kəskinləşəcək. Hələ tam qələbə yoxdur. Hər iki tərəfin itkisi var. Baxaq görək ki, bundan sonra necə olacaq. Bu ana qədər rus ordusu nə taktiki, nə də strateji məqsədlərinə çata bilib”.

Azad İsazadə deyib ki, Rusiya döyüş qabiliyyəti aşağı olan, amma say baxımından çox olan hərbi ehtiyatlarını Ukrayna ərazilərinə çıxara bilər: “Minimum Rusiyaya 50-100 minlik ordu da lazımdır ki, vəziyyəti nəzarətə götürə bilsin. Əslində Ukraynada 200 minə yaxın rus ordusu var idi. Məncə, tərəflərin itkilərinə dair məlumatlarına çox da inanmaq doğru olmazdı. Nisbətən daha dəqiq Ukrayna məlumatları həqiqətə oxşayır. Həmçinin döyüş qabiliyyətini itirən rus hərbi hissələrini Rusiya və Belarus ərazisinə çıxarılıb. İlk mərhələdə Ukraynaya 90 minlik ordu yeridilmişdi, sonradan gündəlik əlavə qoşunlar yeridildi. Müharibədən əvvəl Ukrayna sərhədlərinə toplaşan ordudan istifadə edib. Ruslar nəsə etmək istəyirlərsə, minimum 50-100 minlik qoşun göndərməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər