22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən məlumata görə, sessiya İslam dünyası ilə bağlı bir çox mövzuları, o cümlədən Fələstin və Qüds Əl-Şərif məsələsi ilə bağlı qəbul edilmiş qətnamələrin həyata keçirilməsi üzrə İƏT Baş Katibliyinin fəaliyyətini və Niamey 2020-də keçirilən son XİNŞ-dən sonrakı müddətdə təhlükəsizlik vəziyyəti müzakirə edilib. Sessiyada, həmçinin digər siyasi məsələlər, xüsusilə Əfqanıstandakı hadisələr və onun əfqan xalqı üçün humanitar nəticələri, Cammu və Kəşmirdəki vəziyyət müzakirə olunub.
Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiyada çıxış edərək nazir müavini bir sıra fundamental məsələlərə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdırıb.
İƏT XİNŞ-in 48-ci clası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə qəbul edilib. Qeyd etmək istərdik ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib. Həmçinin Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması pislənilib və Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək bir daha təsdiq edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılıb.
İƏT XİN Şurasının 48-ci iclasında “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilib və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənilib. Qətnamədə həmçinin “Xocalıya ədalət” Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilib və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilib.