“Rusiya Müdafiə Nazirliyinın yaydığı açıqlamaya görə, guya Azərbaycan 10 noyabr anlaşmasını pozaraq Fərrux istiqamətinə "Bayraktar TB2" Pilotsuz Uçuş Aparatı (PUA) ilə 4 zərbə endirib, müşahidə postu qurub. Əvvəla hazırda dünyada sabitliyə ən böyük təhdid olan Rusiyanın hərbi kontingenti Qarabağda yerləşdiyi 17 ay müddətində öz üzərinə düşən vəzifələri həyata keçirmək əvəzinə oradakı terrorçuları himayə etməklə məşğul olub və bununla da 10 noyabr anlaşmasının 4-cü maddəsini pozub. Bu maddəyə görə erməni hərbi birləşmələrinin ərazidən çıxarılmasına paralel olaraq rus hərbçiləri bölgəyə yerləşməli idi. Amma ruslar erməni hərbi birləşmələrinin ərazidə qalmasına, Ermənistandan terrorçuların və Azərbaycana düşmən olan şəxslərin bölgəyə gəlməsinə indiyə qədər göz yumub, Şuşa yaxınlığında yaxalanan terrorçu Mirzoyanı himayə ediblər”.
Teleqraf.com xəbər verir ki, bunu analitik Oqtay Qasımov Rusiya Müdafiə Nazirliyinin dünən Qarabağla bağlı yaydığı açıqlamanı şərh edərkən bildirib.
Analitik xatırladıb ki, üç dövlət arasında imzalanmış sənəddə “Dağlıq Qarabağ və Qarabağ silahlı birləşmələri” ifadəsi yoxdur, yalnız Azərbaycan və Ermənistan ordularından söz edilir:
“Məhz bu sənədə görə hazırda Qarabağdakı erməni hərbi birləşmələri terrorçu statusundadır və onlara qarşı anti terror əməliyyatlarının aparılması tamamilə qanuni və zəruridir. Ruslar bu tip açıqlamalarla separatçı-terrorçuları himayə etməklə 10 noyabr anlaşmasının şərtlərinə görə üzərlərinə düşən vəzifələri yerinə yetirilməlidir”.