Ermənistan son zamanlar yenə də öz çirkin əməllərinə sadiq qalaraq təxribatlar törədir. Sonra da beynəlxalq təşkilatlar qarşısında öz “maraqlarına” uyğun məsələ qaldırmağa çalışır. Amma hadisələrin ümumi statistikasına nəzər yetirdikdə erməni tərəfinin səngərlər qazdığı, atəşkəsi pozduğu və davamlı olaraq müxtəlif təxribatlar törətdiyi müşahidə edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan tərəfi öz təhlükəsizliyini təmin etmək üçün ciddi adımlar atır:
“Müharibədən sonra Azərbaycan qarşı tərəfə sülh təklif edib. Sərhədlərin dəqiqləşməsi və kommunikasiyaların açılması bağlı da real təkliflər var. Amma çox təəssüf ki, Ermənistan bunlara məhəl qoymur. Davamlı olaraq da üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Sadəcə olaraq Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan özünün əzəli müttəfiqinin zəiflədiyini görür. Ona görə də üzünü Qərbə doğru yönəldib. İndiki məqamda belə, bu ölkə mümkün qədər Qərbdən dəstək almağa çalışır”.
Millət vəkili hesab edir ki, bütün bunlar Ermənistanın növbəti riyakarlığının və saxtakarlığının göstəricisidir:
“Çünki bu gün Ermənistanın Qarabağda qalmış qanunsuz silahlılarının atəşkəsi pozduğu ərazi Azərbaycana məxsusdur. Ona görə də bölgədə sülhü, təhlükəsizliyi təmin etmək üçün qanunsuz silahlılar dərhal ərazidən çıxarılmalıdır. Ermənistan da öz növbəsində bundan sonra hərbi-siyasi təxribatlarına birdəfəlik son qoymalıdır”.
Ceyhun Məmmədova görə, Ermənistan bu təxribatlarını davam etdirsə, Azərbaycan tərəfindən bunun cavabı çox ağır olacaq: “Ona görə də Ermənistanın növbəti isterikası, özlərini məzlum xalq kimi göstərmək cəhdləri bitməlidir. Onlar anlamalıdırlar ki, güclü Azərbaycan Ordusu öz vəzifə borcunu hər an yerinə yetirməyə qadirdir. 44 günlük müharibədəki aldıqları dərs və ötən gün verilən layiqli cavabdan nəticə çıxarmalıdırlar. Sonra onlar üçün çox gec olacaq”.