29 Mart 2022 13:30
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Azərbaycanın ortaya qoyduğu mövqe, Prezident İlham Əliyevin qətiyyəti ilə ölkəmizin maraqlarının təminatı öz sözünü deməyə davam edir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq necə analiz edilməlidir?

- Azərbaycan son illər regionda siyasi, iqtisadi, hərbi imkanları baxımından aparıcı mövqeyə malikdir. Ölkəmizin hərbi-siyasi gücü ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi strategiyaya əsaslanır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz erməni faşizmi üzərində tarixi qələbə qazandı. 30 ilə yaxın işğalda qalan Azərbaycan torpaqları Ermənistanın təcavüzündən azad edildi. Ölkəmiz beynəlxalq hüquq tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özünün hərbi siyasi gücü ilə BMT-nin 4 qətnaməsini təkbaşına icra etməklə tarixi ədalət bərpa olundu. 30 illik işğal dövründə erməni vandalları ərazilərimizdə olduqca böyük barbarlıq törədib. Dini, tarixi, mədəni abidələrimiz tamamilə məhv edilib, məscidlər, minarələr dağıdılıb yerlə-bir edilib. Barbar toplum olan erməni vandalları işğal dövründə bu ərazilərimizdə bir dənə də olsun sağlam yaşayış binasının qalmasına imkan verməyib. Həmin ərazilərdə mövcud olan 67 məscid dağıdılıb, viran qoyulub. Şuşada və Ağdamda qismən öz mövcudluğunu qorumuş məscid isə tamam başqa məqsədlər üçün istifadə edilib. Azərbaycanlılara məxsus tarixi məzarlıqlar, qəbiristanlıqlar belə erməni vandalizminin qurbanı olub. Qəbirləri dağıdan erməni vəhşiləri məzar daşlarının başqa yerlərdə satışını təşkil edib. Vəhşi ermənilər məzarları qazaraq insanların cəsədlərinə qarşı belə barabarlıq edib, bəzi cəsədlərin ağzında olan qızıl dişlərini belə özlərinə “qənimət” kimi götürüblər. Butün bu faktlar ermənilərin nə qədər dağıdıcı, barbar, sivilizasiyadan kənar bir toplum olduğunu bir daha təsdiq edir. 44 günlük müharibədən sonra Azərbaycan dövləti öz tarixi ərazilərində bərpa quruculuq işlərinə qısa zamanda start verdi. 30 il ərzində ərazilərin Ermənistan tərəfindən sıx minalanması müəyyən əngəllər yaratsa da, təmizləmə prosesi ilə yanaşı bərpa, quruculuq işləri də paralel aparılır. Bu gün bir çox azad edilmiş rayonlarımızda zəruri infrastrukturun qurulması üçün işlərin müəyyən bir hissəsi icra edilib. Yolların çəkilməsi, elektrik, kommunikasiya xətləri, hava limanın tikintisi qısa müddətdə görülən olduqca böyük işlərdir. Cəmi bir neçə ayda Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi və qardaş Türkiyə Prezidentinin məhz Qarabağın giriş qapısı hesab edilən Füzuliyə tarixi səfəri olduqca mühüm əhəmiyyətə malik idi. Artıq bütün azad edilmiş torpaqlara həyat qayıdır. Azərbaycan xalqı bu tarixi torpaqlarımıza özünün milli, dini adət-ənənələri ilə geri qayıdır. Ötən il Şuşada, Cıdır düzündə Ali Baş Komandanın alovlandırdığı Novruz tonqalı Azərbaycan xalqının 30 illik arzularının məşəli idi. Builki Novruz bayramında da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi Suqovuşan qəsəbəsinə səfəri orada bir sıra mühüm obyektlərin açılışında iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Tərtər rayonunun Suqovuşan qəsəbəsinə tarixi qələbədən sonra ilk səfəri Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki məhz buradan səsləndirməsi xüsusi önəmə malikdir. Suqovuşanın azad edilməsi müharibə dövründə çox böyük strateji əhəmiyyət daşıyırdı.

Prezident İlham Əliyevin Novruz təbriklərini xalqa azad edilmiş ərazilərimizdən, ötən il Şuşadan, bu il Suqovuşandan çatdırıb. Bu, xalqımızın 30 il gözlədiyi tarixi məqamlardan idi. Vaxtilə Ulu öndər Heydər Əliyevin Novruz Bayramı münasibətilə çıxışında biz mütləq Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə Novruz bayramını keçirəcəyimizi deməsi gələcəyimizıə olan inamın başlıca meyarı sayılırdı. Ümummilli liderin çıxış etdiyi o tədbirlərdə mən özümdə də iştirak etmişəm. O zaman da biz inanırdıq ki, mütləq tarixi ədalət bərpa ediləcək və xalqımız öz ata-baba yurdlarına qayıdacaq. Bu gün Prezident İlham Əliyev Ümummilli liderin arzularını gerçəkləşdirdi.

- Son dövrlər dünya liderlərinin, aparıcı ictimai-siyasi xadimlərin Prezident İlham Əliyevlə sıx təmasları müşahidə edilir. ABŞ prezidenti də Novruz bayramı münasibəti ilə Prezident İlham Əliyevə xüsusi təbrik məktubu ünvanlayıb. Sizcə, Azərbaycana, onun Liderinə olan bu yüksək münasibətin kökündə hansı amillər dayanır?

- Cənubi Qafqaz regionunda yeni bir reallıq yaranıb. Bu tarixi reallığın müəllifi güclü Azərbaycan və onun Müzəffər Lideridir. Azərbaycan 30 ilə yaxın torpaqlarının 20 faizi erməni işğalında olduğu dövrdə belə problemin sülh və danışıqlar yolu ilə həlli üçün səbr və əzm nümayiş etdirdi. Ermənistanın beynəlxalq hüquqa olan qeyri-konstruktiv yanaşması, BMT qətnamələrini icra etməməsi, Qoşulmama Hərəkatının ölkəmizin ərazi bütövlüyü ilə bağlı qərarlarına məhəl qoymaması və ardıcıl olaraq Azərbaycan qarşı işğal siyasəti üzərində təxribatlar törətməsi nəhayət dövlətimizin siyasi, hərbi gücü ilə qarşılaşmasına səbəb oldu. İşğalçı döyüş meydanında məğlub edildi. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə Qarabağda müharibənin başa çatmasını bildirən Bəyanat imzalandı. Azərbaycan bu tarixdən sonra da qarşı tərəflə mümkün sülh və əməkdaşlıq, kommunikasiya əlaqələrinin yaradılması, bölgə dövlətlərinin iştirakı ilə iqtisadi, siyasi münasibətlərin yeni bir sferada inkişafını təklif edir. Eyni zamanda Azərbaycan 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmanının 4-cü bəndinin icrası ilə bağlı hazırkı dövrdə haqlı tələbləri var. Bu yaxınlarda Rusiya Mudafiə Nazirliyinin Quru Qoşunları komandanının müavini Azərbaycanda səfərdə oldu. Bu səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini, Baş Qərargah rəisi ilə görüş keçirildi. Bu görüşdə də əldə edilmiş üçtərəfli Bəyanatın müddəalarının icrası vəziyyəti bir daha Rusiya tərəfinin diqqətinə çatdırıldı. 10 noyabr 2020-ci il razılaşmasına əsasən rus sülhməramlılarının bölgəyə daxil olması ilə Ermənistan silahlı qüvvələri ərazini tərk etməli idi. Amma bu müddəanın icrası vəziyyəti təmin edilməyib. Azərbaycan məhz bu prisiplərin icrasının qısa zamanda icrasını təmin etmək üçün siyasi, diplomatik müstəvidə öz mövqeyini ortaya qoyur.

Azərbaycan Prezidentinin qətiyyəti, siyasi, diplomatik strategiyası dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının liderləri tərəfindən mühüm amil kimi xarakterizə edilir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın mövqeyi qısa zamanda döyüş əməliyyatlarının dayandırılmasına və tərəflərin bütün məsələləri danışıqlar müstəvisində həllinə yönəlib. Prezident İlham Əliyevin qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə bölgədə və qlobal müstəvidə sülhün və təhlükəsizliyin təminatı üçün sərgilədiyi mövqe dünya liderlərinin diqqətindən kənarda qalmayıb. Bu baxımdan Azərbaycan Lideri ilə sıx əməkdaşlıq, onun mövqeyinin öyrənilməsi artıq aparıcı güclərin və siyasi xadimlərin gündəliyində duran əsas məsələyə çevrilib. Novruz bayramı münasibəti ilə Prezident İlham Əliyevə səmimi təbriklərini çatdıran ABŞ prezidenti Co Bayden də ölkəsinin Azərbaycana böyük dəyər verməsindən, dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyindən bəhs edib. Təbrik məktubunda ABŞ-ın Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlk və tərəqqiyə verdiyi töhfələr yüksək qiymətləndirilib. Təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olması və onların birgə həllində Amerikanın iradəsinin nümayişinə yer verilib. Regional barışığın təşviqi barədə ABŞ-ın həm də və xüsusilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyi ifadə olunub. Məhz bu amil ona dəlalət edir ki, ABŞ və dünya Vətən müharibəsinin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul edir. ABŞ-ın Azərbaycan hakimiyyəti ilə qarşıdan gələn dövrdə də sıx əməkdaşlıq etmək istəyi və bunun təkcə köhnə ənənəvi sahələr üzrə deyil, həm də yeni istiqamətlər üzrə davam etdirilməsinə yönəlmiş təşəbbüslər də təbrik məktubunda öz əksini tapıb. Məktubun ingilis dili mətnində də Novruz bayramı ifadəsinin Azərbaycan dilində yazılması dünyanın supergücü tərəfindən Azərbaycana qarşı səmimi jest kimi izah olunur. Son bir neçə ayda dünya liderləri tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubların, telefon zənglərinin Azərbaycanın Liderinin böyük nüfuzu, dövlət başçısının gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin yüksək qiymətləndirilməsinin göstəricisidir.

- Azərbaycanda alternativ enerjiyə keçid, “yaşıl enerji"nin təşviqi istiqamətində atılan addımların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu eyni zamanda 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Artıq dünya ölkələri bu istiqamətdə bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır. Bərpaolunan enerji növlərinin əhəmiyyətinə və ölkəmizdə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin real nəticələri bu deməyə əsas verir. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Hazırda Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma Avropa İttifaqı ölkələrində Rusiyadan təbii qaz və neftin idxalının azaldılması və ya ondan imtina edilməsi məsələsini əsaslı şəkildə aktuallaşdırıb. Aİ rəsmiləri artıq 2027-ci ilə bu istiqamətdə ciddi dəyişikliklər olacağını bəyan edirlər. Azərbaycanda ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub.

- Xarici investorların Azərbaycanda alternativ enerji istehsalında iştirak imkanları necə dəyərləndirilir?

- Bildiyimiz kimi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının bu ilin yanvarın 13-də təməli qoyulub. Çünki Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Bu baxımdan Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də böyük potensial mövcuddur. Belə ki, günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişlidir. Bütün bu proqramların icrasının nəticəsində Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

- Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi üçün hansı addımlar atılır?

- Prezident İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Bu çərçivədə ötən il mayın 3-də dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Artıq xarici investorlar da bu prosesdə yer alıb. Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb. Bütün bu addımlar Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafında və Qarabağda yaşıl enerji zonasının yaradılmasında nə qədər istəkli və maraqlı olduğunu bir daha əyani şəkildə ortaya qoyur. Zəngilan və Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi artıq qiymətləndirilib. “Yaşıl enerji”yə keçidlə bağlı atılan mühüm addımlardan da biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasıdır. Məhz bu addımlar enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir. Bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir. Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda, qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə edilə, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandırıla bilər.


Müəllif: Tapdıq Qurbanlı