12 Aprel 2022 17:11
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçüncü tərəfin iştirakı olmadan müzakirə aparıb. Mənim fikrimcə, bu, müsbət hadisədir. Deməli, Ermənistan tədricən ağıllanır. Daha doğrusu, bu ölkə çöküb və çıxış yolları axtarır. Bu çıxış yolundan ən vacibi Azərbaycanın məntiqini qəbul edərək bölgəyə sülh gətirmək, ticarət və iqtisadiyyatın inkişafına yaşıl işıq yandırmaqdır”.

Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov Azərbaycan xarici işlər naziri Ceyhum Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında dünən baş tutan telefon müzakirəsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, təmasların nəticəsi yaxın zamanlarda məlum olacaq: “Sülh sazişi hazırlanmalı, daha sonra imzalanmalıdır. Ermənistan artıq Rusiyaya inanmır, anlayır ki, vəziyyət yaxşı deyil. Odur ki, Azərbaycan və Türkiyə ilə münasibətləri onun özü düzəltməlidir”.

Rüstəm Məmmədovun fikrincə, Ermənistan artıq anlayıb ki, Rusiyaya etibar yoxdur: “Məntiqlə İrəvanın belə nəticəyə gəlməsi gözlənilən idi. Ermənistan bilmir ki, sabah Rusiyanın taleyi necə olacaq. Bu səbəbdən də özü çıxış yolu axtarır. Burada da əsas iş Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmaq olmalıdır”.

Ermənistanda guya Qarabağa görə, mitinq və aksiyaların keçirildiyini xatırladan politoloq qeyd edib ki, erməni millətinin xarakterinə yaxşı bələddir: “Erməni xalqı güc hiss edən kimi ona tərəf əyilməlidir. Məncə, indi onlar Azərbaycan və Türkiyədə belə güc hiss edib. Həm də aydın görür ki, çıxış yolu yoxdur, ziddiyyətləri davam etdirsə, uduzan tərəf olacaq. Ona görə də, indi çıxış yolu axtarır. Bu da Azərbaycanla əlaqələri qaydaya salmaqdan keçir. Bu mənada Qarabağ mövzusunda son təmaslar Azərbaycanın maraqlarına tamamilə uyğundur”.


Müəllif: Nemət