28 Aprel 2022 09:14
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan isə Moskvadan qayıtdıqdan sonra Qarabağla bağlı dediklərini başqa formada səsləndirməyə başladı. O dedi ki, Ermənistanın əsas qayğılarından biri də Qarabağ ermənilərinin bu günü və sabahına göstəriləcək qayğıdan ibarət olmalıdır. Yəni sülhyaratma prosesini xeyli zədələyə biləcək fikirlər söylədi. Putin-Paşinyan görüşünə dair sonda verilən bəyanatda da bu öz əksini tapdı. Rusiya və Putin indiyədək açıqlamalarında “Dağlıq Qarabağ” sözünü dillərinə gətirmirdilərsə, yekun bəyanatda bu ifadəyə yer verildi. Bütün bunlar Cənubi Qafqazda artıq relsə düşmüş münasibətləri, prosesləri yavaş-yavaş alt-üst etməyə başladı”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ və Avropa Birliyi ölkələrindən Bakıya səfərlərin sayı artıb. Eyni zamanda Rusiyadan olan səfərlərin intensivliyi də diqqətdən yayınmır. Sizcə, bu səfərlərdə məqsəd nədir: bizim bilmədiyimiz hansı proses gedə bilər?

- Sanki Ermənistan-Azərbaycan münasibətlərinin relsə düşməsi tendensiyasının başlanması hiss olunurdu. Belə təəssürat yaranmışdı ki, sülh müqaviləsinin imzalanması o qədər də uzaqda deyil. Ermənistan baş nazirinin açıqlamaları nikbinlik yaradırdı. O, Qarabağ məsələsinin Azərbaycan konstitusiyası çərçivəsində həllindən danışdı, ərazi bütövlüyümüzü tanıdıqları mesajını verdi və s. Bütün bunlar indiyədək həllini tapmamış məsələlər idi ki, Ermənistan tərəfi ilk dəfə bunlarla bağlı müsbət fikirlər səsləndirdi. Bunların hamısı da Avropa Birliyi şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilmiş görüşdən sonra baş verirdi.

Ümidlər yarandı ki, kommunikasiyalar da açılacaq, sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyalar da işə başlayacaq. Üstəgəl, sülhyaratma komissiyaların tərkibinin də müəyyən edildiyi bildirildi. Bu anda Putin Paşinyanı Moskvaya dəvət etdi.

İndi Kremldə cərəyan edən hadisələrin hansı xarakterdə olduğunu təxminən təsəvvür edirəm. Moskva lideri həddindən artıq qəzəblidir, çünki müharibədə uğur qazana bilmir, bütün dünya anti-Rusiya koalisiyasında birləşir. Sanki baş verənlərin heyifini kimdənsə alırmış kimi, üzünü yenidən Cənubi Qafqaza çevirdi və Paşinyanı ora çağırdı.

Əvvəlcə dedilər ki, Paşinyan Moskvada bir gün qalacaq, daha sonra bu, iki gün oldu. Əvvəlcə o da deyildi ki, adi səfərdir, amma bunun ardınca xeyli kağız-kuğuz imzalandı. Putin təntənəli şəkildə bəyan etdi ki, Rusiya və Ermənistan arasındakı münasibətlər strateji müttəfiqlik münasibətləri idi. Bu dəfə özündən belə bir söz uydurdu ki, yeni sənədlərin imzalanmasından sonra münasibətlər strateji müttəfiqlik səviyyəsindən də yüksəyə qaldırılır. İndi bunun nə olduğunu və beynəlxalq terminologiyada necə yozulduğunu söyləmək çətindir.

- Ola bilərmi ki, Putin bununla Ermənistanın Rusiya-Belarus Birlik Dövləti sazişinə qoşulacağına eyham vurur?

- Ola bilsin ki, buna eyham vurur, məncə, Paşinyan bundan çəkinir. Eyni zamanda, Ermənistan KTMT-nin üzvüdür, Rusiya ilə 50 illik müttəfiqlik haqqında müqavilə imzalanıb, Ermənistan ərazilərində rus hərbi bazaları var. Yəni Ermənistan Rusiyanın maraqlarına xidmət edən kifayət qədər addımlar atıb. Bu baxımdan, Ermənistanın Birlik Dövləti sazişinə qoşulması məsələsi gündəmdə deyil, bu haqda açıq fikir də dilə gətirilməyib.

Mənə elə gəlir ki, Ermənistan bu sazişə qoşulmaqda maraqlı görünmür. Çünki Ermənistanın qərbyönümlü arzuları da var. Qərb tərəfindən Ermənistana xüsusi qayğı da göstərilir ki, Rusiyanın ağuşundan qopsun. Hər halda mürəkkəb proseslər gedir və bunun bəzilərindən xəbərimiz yoxdur.

Paşinyan isə Moskvadan qayıtdıqdan sonra Qarabağla bağlı dediklərini başqa formada səsləndirməyə başladı. O dedi ki, Ermənistanın əsas qayğılarından biri də Qarabağ ermənilərinin bu günü və sabahına göstəriləcək qayğıdan ibarət olmalıdır. Yəni sülhyaratma prosesini xeyli zədələyə biləcək fikirlər söylədi. Putin-Paşinyan görüşünə dair sonda verilən bəyanatda da bu öz əksini tapdı. Rusiya və Putin indiyədək açıqlamalarında “Dağlıq Qarabağ” sözünü dillərinə gətirmirdilərsə, yekun bəyanatda bu ifadəyə yer verildi. Bütün bunlar Cənubi Qafqazda artıq relsə düşmüş münasibətləri, prosesləri yavaş-yavaş alt-üst etməyə başladı.

Azərbaycan baş verənlərlə bağlı İrəvan və Moskvaya xəbərdarlıq etmişdi. Bildirmişdi ki, uzağı bir ay gözləyə bilərik və Ermənistanın nazı ilə oynamaq fikrində deyilik. Bu sözlər öz qüvvəsində qalır.

Zənnimcə, Prezident İlham Əliyevin bu yaxınlarda Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayında səsləndirdiyi ciddi fikirlər həm Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, həm də Ermənistana yönəlik siyasətin ümumi konturlarını müəyyənləşdirir. Azərbaycan prezidentinin Şuşadakı çıxışından sonra zəif də olsa, Ermənistan rəhbərliyində ayılma prosesi başladı. Ən azı Xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla zəngləşdi, sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun yaradılmasıyla əlaqədar fikir mübadiləsi aparıldı, müəyyən razılaşmalar əldə edildi. Eyni zamanda, sülh müqaviləsinin imzalanması üzrə işçi qrupunun yaradılmasından danışıldı.

Bütün bunlara baxmayaraq, ümumi atmosferi korlayan bir sıra məqamlar ortaya çıxdı. Məsələn, Azərbaycan ordusu Ağdərə ərazisində öz dislokasiya yerlərini dəyişməsindən sonra Lavrov özünün səlahiyyətlərinə daxil olmayan fikir səsləndirdi. O bildirdi ki, Azərbaycan ordusu özbaşınalığa yol verir və təcili olaraq, “işğal etdiyi ərazilər”dən çıxmalıdır. Lavrovun sözü bizim üçün əsas ola bilməz və bunu heç diqqətə də almadıq. Azərbaycan ordusu Ağdərə rayonunun geniş əraziləri boyu dislokasiya edilib. Eyni zamanda, Azərbaycan ordusu Fərrux dağı və digər strateji yüksəkliklərdəki mövqelərində də qalır.

- Bu da maraqlıdır ki, Rusiya həm prosesi pozan tərəf kimi görünür, həm də öz nümayəndələrini Bakıya göndərib, dostluq mesajları verir.

- Bəli, Rusiya tərəfi başqa reveranslar da edir. İndi də Azərbaycanla müəyyən sənədlərin imzalanması prosesinə başladıqlarını deyirlər. Bildirirlər ki, Azərbaycanla yeni sənədlər imzalanacaq, bunlar iki ölkə arasında ticari-iqtisadi əlaqələri yüksək səviyyəyə qaldıracaq və s. Zənnimcə, Rusiya mürəkkəb, o qədər də ağıllı olmayan oyun qurub. Bu oyunun qaydalarına uyğun olaraq, öz iradəsini diktə etməyə və ya qarşı tərəfi bu oyuna gətirməyə çalışır.

Amma Azərbaycan özünü kifayət qədər müstəqil aparır. Məsələn, Rusiyanın qazın rublla alınması təklifini qəbul etmədi. Məncə, bu, prinsipial addım idi.

Bir sözlə, proses qarışıq və mürəkkəb bir mərhələdədir. Üstəgəl, Rusiya özünü bataqlığa soxub, indi də Dnestryanı bölgədə vəziyyəti gərginləşdirir. Gələn məlumatlar isə budur ki, Rusiyanın hərbi resursları belə genişmiqyaslı əməliyyatları aparmağa qətiyyən imkan verməyəcək, tükənmək üzrədir.

Üstəgəl, Qərbdən Ukraynaya göndərilən müasir silahlar, uzaqmənzilli raketlər Moskvanı vurmağa belə qadirdir. Artıq Rusiyanın Belqorod, Bryansk, Voronej şəhərlərini vurublar. Burada söhbət işğaldan getmir, sadəcə dünyaya bir mesajdır ki, lazım gəlsə, hərbi əməliyyatları Rusiya ərazilərinə də keçirə bilərlər. Yaxın günlərdə Qərbdən göndərilmiş müasir silahların hesabında Donetsk və Luqanskda Rusiya ordusuna öldürücü zərbənin vurulması planlaşdırılır.

Rusiya “kaşa”nı qarışdırıb və bunu bütün dünyaya yedirtmək istəyir, özü isə bundan dadmaq istəmir. Rusiya dünyanı qanda çalxalaya biləcək davranışlara yol verir. Dünənədək müharibəni aprel-may aylarının sonuna doğru bitə biləcəyini deyirdilər, ötən gün isə bunun payızadək və ya ilin sonunadək uzana biləcəyi mesajını verirlər. Bununla razılaşmıram. Çünki Rusiyada hərbi istehsal tamamilə, mülki istehsalın isə bir çox sahələri dayanıb.

Son iki ayda Rusiyada bir tank belə istehsal olunmayıb. SSRİ-nin 1970-ci illərdə anbara yığdığı tankları çıxararaq, döyüşə göndərirlər. Raket ehtiyatının 70 faizdən çoxunun istifadə edildiyi bildirilir. Digər hərbi sahələrdə də böyük itkilərin olması haqda məlumatlar var. Bunun müqabilində Moldova, Polşa, Baltikyanı ölkələr, İsvem və Finlandiyanı hədələmək anlaşılan deyil. Rusiyanın nə istədiyini demək çətindir.

Rusiya hakimiyyətinə qarşı müxalifətin sıraları genişlənir. Müharibəyə etiraz edən oliqarxlar, müxaliflər təqib olunur, hədələnir. Müharibənin əleyhinə olan general-polkovnik İvaşov da fəaliyyətini genişləndirib. Yəni Rusiyada ayıq düşünən insanlar da var. Onlar baş verənlərin Rusiyanın xeyrinə olmadığını anlayırlar.

- Söhbətin əvvəlində həm Qərb, həm də Rusiyadan Bakıya səfərlərin intensivliyinə diqqət çəkmişdik. Sizcə, bu, Azərbaycan və ya Cənubi Qafqaz uğrunda Rusiya və Qərb arasında gedən mübarizdən qanaqlanırmı, bölgəmiz bu güclərin geosiyasi çəkişməsinin poliqonuna çevrilə bilərmi?

- Zənnimcə, bu zəif ehtimaldır. Çünki bölgədə təkcə güclü Azərbaycan yox, həm də güclü Türkiyə amili də var. Artıq Türkiyə bizim bölgədə yerləşib və heç nəyə baxmadan Azərbaycanın mövqelərini müdafiə edir və edəcək. Rusiya isə gah nala, gah da mıxa vurur. İki ay əvvəl bizimlə müttəfiqlik haqqında bəyannamə, bu gün isə ticari-iqtisadi sənədlər imzalayır. Bunun gözdən pərdə asmaq üçün olduğunu da, üzləşdiyi çətin duruma görə çıxış yolu axtardığını da deyə bilərəm.

Bütün hallarda Azərbaycanın hansısa təhlükəyə məruz qaldığını söyləmək mümkünsüzdür. Dediyim kimi, ortada güclü Azərbaycan və Türkiyə amili var. Bir də zəifləmiş və getdikcə zəifləyən, iqtisadi sanksiyaların getdikcə sıradan çıxarmaqda olduğu bir Rusiya var. Ağlım çətin kəsir ki, bu durumda nəsə etməyi bacarsın.

- Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də bir neçə gündür müzakirə mövzusudur. Zelenski açıqlamasında Azərbaycanın neytrallığını başa düşdüklərini, amma uzun müddətə anlaya bilməcəyəcəklərini dedi. Ukrayna liderinin bu mesajının izahı necə ola bilər?

- Zelenski bir az ərköyünlük edir, yeri gələndə Baydeni də tənqid edir. Amma onun Azərbaycanı tənqid etməyə, daha çox ummağa mənəvi haqqı yoxdur. Azərbaycan Ukraynaya kifayət qədər humanitar yardım göstərir. Bundan başqa, neft verir, beynəlxalq arenada da Ukraynanın mövqelərini qoruyur.

Zelenski çıxışında bir sözü də dedi ki, “bizimlə işləri bitdikdən sonra sizinlə məşğul olacaqlar”.

Zənnimcə, bununla bizi qorxutmağa, prosesə daha fəal şəkildə cəlb etmək niyyəti güdürdü. Amma hər şey heç də belə deyil. Bölgədə təkcə Azərbaycan yoxdur, Ermənistan və Gürcüstan da var. Eyni zamanda, bizim Gürcüstana göstərdiyimiz humanitar yardım da, beynəlxalq arenalarda verdiyimiz diplomatik dəstək də göz önündədir. Azərbaycan Prezidenti İlham Əliyev müharibədən təxminən bir ay əvvəl Ukraynaya getdi. Bunu hər kəs görür. Ermənistan Rusiyanın yanında dayanıb, Gürcüstan isə neytraldır. Gürcüstan həm də gah nala, gah da mıxa vurur.

Bu gün anti-Rusiya sanksiyalarına nə Ermənistan, nə də Gürcüstan qoşulub. Azərbaycan isə bu sanksiyalara qoşulmasa da, Ukraynaya elə effektli humanitar yardım edir ki, bu sanksiyaların göstərə biləcəyi təsirindən qat-qat üstün əhəmiyyətə malikdir.

Onu da deyə bilərəm ki, Zelenski ilə İlham Əliyev arasındakı münasibətlər də çox yüksək səviyyədədir. Türkiyə də Ukraynaya yaxından dəstək verir.


Müəllif: Mənsur Rəğbətoğlu