28 İyul 2022 17:40
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı bir çox mühüm məslələrə toxunub. İlham Əliyev ötən dövr ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. O, ümummili lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövləti olaraq daha da güclənib, dünya miqsyasında söz sahibi olan dövlətə çevrilib. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir. Bu mənada dövlət məmurları elə etməlidir ki, bu həmrəyliyə ziyan vurmasın, xələl gətirməsinlər. Çünki məhz bu siyasətin nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyub.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir: “Dövlət başçısı həmişə qeyd edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır”. Biz ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Ölkəmizdə sahibkarlığın, xüsusi ilə, qadın sahibkarlığının inkişafı üçün geniş imkanlar yaradılıb. Həyata keçirilən dövlət siyasət nəticəsində məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması, kiçik və orta biznesin inkişafı istiqmətlərində mühüm nailiyyətlər əldə olunur”.

Professor bildirib ki, bir çox hallarda təyin edilmiş məmurların məsuliyyətsiz fəaliyyəti vətəndaşları narazılığına səbəb olur, aparılan islahatlara gölgə salır, insanlarda haqlı olaraq ümidsizlik hissi yaranır: “Əlbəttə ki, bütün bunlar dövlət başçısının nəzərindən yayınmır. Prezidentin dediyi kimi “heç kim qanundan üstün ola bilməz”. Məmur-vətəndaş münasibətləri vətəndaş məmnunluğu üzərində qurulmalıdır. İcra başçıları daim insanlarla təmasda olmalıdır. İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Onlar öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, sağlam cəmiyyətin təməl prinsiplərindəndir. Bu prinsip imkan verir ki, insanlar daha normal şərtlər daxilində yaşasın. Bu isə məmurdan optimal idarəetmə, yaradıcılıq, adekvatlılıq, insanlarla ünsiyyət qurmaq və digər bilik və bacarıqları tələb edir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaqdır”.

Komitə sədri hesab edir ki, dövlət tərəfindən həssas sosial təbəqələrin, o cümlədən, şəhid ailələri, qazilər, Birinci və İkinci Qarabağ müharibəsinin veteranları, qaçqın, keçmiş məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, şəhid ailələrinə, qazilərə, veteranlara xüsusi diqqət göstərilməlidir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minik maşınları verilib. Bu proses davam etdirilir.

Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır. Heç kim unutmamalıdır ki, onların cəsurluğu, qormazlığı sayəsində, qanları- canları hesabına Vətənimiz işğalçılardan azad olunub”.


Müəllif: Tapdıq Qurbanlı