Can Azərbaycanın güclü ordusu düşmənə lazımi dərsi verdi. Birə-beş, birə-on misli ilə qardaşımız Anar Kazımovun qisası alındı, qanı yerdə qalmadı. Qardaşımıza Allahdan rəhmət diləyir, ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Vətən sağ olsun!
Bunu Teleqraf.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Ermənistan terror dövləti olmaqdan əl çəkməlidir: “Əgər münaqişəyə son qoyub, sülhə razı olarsa, biz də onunla yaxşı münasibətləri qoruyarıq.
Dünənki hadisə Ermənistanın aqressiv hücumu nəticəsində baş verdi. Amma Azərbaycanın anti-terror əməliyyatı ilə bir daha nə qədər güclü ordusu olduğunu Ermənistana, bölgəyə, bütünlüklə dünyaya göstərdi. Biz də Türkiyə olaraq bununla fəxr edirik.
Burada ilk olaraq 2020-ci ildə imzalanan üçtərəfli bəyanata diqqət çəkmək istəyirəm. Bəyanata görə, ermənilər silahlarını atmalıdırlar. Qarabağ erməniləri Azərbaycan torpaqlarında yaşayırlar, Azərbaycan vətəndaşıdırlar. Əgər Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, İrəvana, Ermənistana getsinlər. Ya kasıb erməni kimi yaşamağı, ya da varlı Azərbaycan vətəndaşı olmağı seçsinlər. Amma bölgədə hüzr, sülh, sabitliyi pozmasınlar.
Rusiya bölgədə üzərində olan öhdəlikləri yerinə yetirməlidir. Əgər sülhməramlı qüvvələr oradadırsa, baş verən qarşıdurmaların qarşısını almalı, ermənilərin silahlarını toplamalıdırlar. Ağdamdakı nəzarət məntəqəsində Türkiyə əsgərləri xidmət göstərir”.
Hulusi Kılıç bildirib ki, sabah baş tutacaq Soçi görüşündə Qarabağ məsələsinin gündəmə gəlməsi ehtimal olunur: “Bildiyiniz kimi Azərbaycanın problemi Türkiyənin, Türkiyənin problemi də Azərbaycanın problemidir. Ötən dəfə Tehranda baş tutan zirvə görüşündə də Qarabağ mövzusu müzakirə olunmuşdu. Hər fürsətdə Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsini gündəmə gətirməkdə maraqlıdır. Ağdamda Türkiyə əsgərlərinin xidmət göstərməsi də Ərdoğanın bu məsələ haqqında danışması üçün bir səbəbdir”.
Sabiq səfir qeyd edib ki, Türkiyənin məqsədi bölgədə sülh və sabitliyi qorumaq, inkişafa yardım etməkdir: “Bu məqsədlə dəfələrlə Ermənistana müraciət olunub. Ermənistan bu həqiqəti qəbul edib, sülh müqaviləsi üçün addımlar atmalıdır. Artıq Ermənistan diasporun, kilsənin təzyiqlərindən xilas olub, terror dövləti yox, normal bir dövlət kimi Azərbaycanla münasibətlərini qaydaya salmalıdır.
Türkiyə və Ermənistan arasında münasibətlərin bərpa olunması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Heç kim fərqli nəsə düşünməsin. İlk olaraq sülh müqaviləsi, sonra Türkiyə və Ermənistan münasibətlərindən danışmaq olar.
Mən Ermənistanın bu hücumunu qınayıram. Əgər bu hücum təkrar olarsa, Ermənistana artıqlaması ilə cavab veriləcək. Türkiyə hər zaman can Azərbaycanın yanındadır və olacaq. Bunu hər kəs bilməlidir. Onsuz da 15 iyun 2021 Şuşa bəyannaməsində Türkiyə bu məsələdə lazımi icazələri verib. Şuşa bəyannaməsi vacib sənəddir və bunu heç kim ağlından çıxarmamalıdır”.