10 Avqust 2022 09:05
4 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elçin Mirzəbəyli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü gözlənilir. Görüşdən gözləntiniz necədir: yeni anlaşmanın əldə edilməsi, yaxud görüşdən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ehtimalı nə qədərdir?

- Görüş erməni hərbçilərinin təxribatına cavab olaraq, Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra baş tutacaq. Düşünürəm ki, bu görüş həm də ölkəmizin mövqelərinin möhkəmləndirilməsi baxımından önəmlidir.

Digər yandan, Ermənistan indiyədək keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəliklərin heç birini icra etməyib. Buna görə də hansısa başa çatmış mərhələdən sonra mümkün razılaşmalardan danışmaq doğru olmazdı. İlk növbədə, söhbət 10 noyabr və bundan əvvəl Brüsseldə keçirilmiş görüşlərdə əldə edilmiş razılaşmalardan gedəcək.

Yəqin ki, həmişə kimi, Azərbaycanın mövqeyi imperativ olacaq. Ermənistana bir sıra məsələlərlə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün verilən konkret zaman çərçivəsi də bunu sübuta yetirir.

Ermənistanın bundan sonra necə davranacağına gəldikdə, zənnimcə, bu, Brüssel görüşündən asılı olan məsələ deyil, başqa aspektlər var. Bu, əslində Azərbaycanın bundan sonra sərgiləcəyi mövqedən daha çox asılıdır. Azərbaycanın mövqeyi də bəllidir: heç bir güzəşt olmayacaq.

Ermənistan konkret zaman kəsiyində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, İrəvanın buna məcbur edilməsi istiqamətində növbəti addımların atılmasının şahidi olacağıq. Yəni limit bitib, Ermənistana verilmiş vaxt başa çatıb.

- Son günlərdə Ermənistana Türkiyədən tez-tez prezident və xarici işlər naziri səviyyələrində xəbərdarlıq edilir. Sonuncu belə xəbərdarlıq müdafiə naziri Hulusi Akardan gəldi. Vəziyyət hansı yerə çatıb ki, Türkiyə buna ehtiyac duyur? Söhbət həm də təkcə Ermənistanın yox, onu dəstəkləyən bəlli ölkələrin də prosesə müdaxiləsindən gedə bilərmi?

- Şübhəsiz ki, prosesə müdaxilələr hiss olunur. Bu, daha çox Ermənistanın üzərinə götürdüyü öhdəliklərin zamanında yerinə yetirilməsinə maneə yaradan faktorlar kimi həyata keçirilir. Məqsəd budur ki, həmişə olduğu kimi bu dəfə də Ermənistana müəyyən zaman qazandırsınlar. Ermənistan və ona davadarlıq edənlər bundan istifadə edərək, bölgədəki reallıqları dəyişməyi istəyə, artıq başqa şərtlər çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində müzakirələrə başlamağı istəyə bilərlər. Yəni hədəf bundan ibarətdir.

Türkiyənin xəbərdarlığı isə Ermənistanın öhdəlikləri və bunların yerinə yetirilməsi ilə bağlı zəmanətçi ölkənin addım atması ilə bağlıdır. Yəni tələb təkcə Ermənistanın qarşısına qoyulmur, prosesin içində Rusiya da var.

Rusiya 10 noyabr anlaşmasının yerinə yetirilməsi istiqamətində daha imperativ addımlar atmalı, vasitəçi kimi yox, zəmanətçi kimi davranmalıdır. Bunlar bir-birindən tamamilə fərqlənən missiyalardır. Rusiya da zəmanətçi ölkədir və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün zəmanət verib. Buna görə də, Rusiya atdığı imzaya hörmət edərək, üzərində götürdüyü öhdəliklərin icrası naminə müvafiq addımlar atmalıdır. Türkiyənin xəbərdarlığı bu aspektdən dəyərləndirilməlidir.

Digər yandan, bu, Ermənistanın apardığı ənənəvi “təbliğat”a istinad edərək, bundan bəhanə kimi yararlanaraq prosesə müdaxilə etməyə çalışan ölkələrə də xəbərdarlıqdır. Bu xəbərdarlıq Türkiyə və Azərbaycanın öz mövqelərindən bir addım da geri çəkilməyəcəyi mesajıdır. Bu xəbərdarlıqlar yalnız sözdən ibarət deyil, bunun arxasında ciddi hərbi güc və siyasi iradə dayanır.

- Bəs Rusiya Müdafiə Nazirliyi niyə Qarabağda atəşkəsin pozulması ilə bağlı aşkar şəkildə Azərbaycanı ittiham edir? Rusiya niyə neytral mövqeyini pozur?

- Əslində, Rusiyanın bu məsələlərə münasibətdə neytral mövqedən çıxış etmək kimi bir lüksü yoxdur. Dediyim kimi, Rusiya vasitəçi yox, zəmanətçidir. 10 noyabr sənədinə imza atan da Rusiyadır. Rusiya üzərinə o öhdəliyi götürmüşdü ki, sülhməramlılar Azərbaycan ərazilərinə daxil olan kimi, bütün erməni hərbçiləri bölgədən çıxarılacaq. Söhbət təkcə Ermənistan hərbçilərindən yox, bütün erməni hərbi birləşmələrindən gedir. Yəni hazırda qanunsuz fəaliyyəti icra edən terrorçu birləşmələrdən.

Rusiya bu öhdəliyini yerinə yetirmir, buna görə də müxtəlif bəhanələr yaratmağa cəhd göstərir, nəticədə sülhməramlıların qarşısına qoyulan vəzifə icra olunmur.

Rusiya sülhməramlıların vəzifəsi təkcə orada yaşayan etnik ermənilərin təhlükəsizliyini təmin etməkdən ibarət deyil. Bu vəzifə həm də Azərbaycana qarşı təhdid yarada biləcək ünsürlərə qarşı addımlar atmaqdan ibarətdir. Rusiya sülhməramlıları isə bu missiyadan yayınmağa, guya atəşkəsin Azərbaycan tərəfindən pozulması ilə bağlı rəy formalaşdırmağa çalışırlar. Bu reallıq hər kəsə bəllidir.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Vətəndaşlarının təhlükəsizliyini təmin etmək və öz suverenliyini, ərazi bütövlüyünü pozacaq addımların qarşısını almaq Azərbaycanın üzərinə düşən vəzifədir və onun suveren hüquqlarıdır. Rusiya buna hansısa formada maneə yarada bilməz.

Rusiya və onun sülhməramlıların xoşagəlməz davranışları var ki, bunlar nə regiondakı sülh prosesinin inkişafına, nə də nəzərdə tutulan layihələrin həyata keçirilməsinin intensivləşməsinə xidmət edir. Ola bilsin ki, burada Rusiyanın Ukraynada ciddi problemlərlə qarşılaşdığını nəzərə alan və bundan istifadə etməyə çalışan daxili qüvvələrin rolları da var. Reallıq isə budur ki, Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmirlər.

Rusiya Müdafiə Nazirliyi açıq təxribatla məşğuldur. “Atəşkəsin pozulması” ifadəsi belə kökündən yanlışdır. Atəşkəs harada pozulub? Əgər söhbət Azərbaycan ərazilərindəki qeyri-qanuni hərbi birləşmələrdən və onlara açılan atəşdən gedirsə, bu qanunsuz birləşmələrin orada nə işləri var ki, onlara atəş də açılır?

Söhbət atəşkəsin kim tərəfindən pozulmasından da yox, məntiqdən gedir. Bunu sərxoş sülhməramlı qafasının qəbul edib-etmədiyini bilmirəm. Çünki onları kifayət qədər yaxşı tanıyıram, başlarının içinə yaxşı bələdəm. Ola bilsin ki, ermənilərin tut arağından içib beyinləri bir qədər də sərxoşlaşıb, adi məntiqi belə dərk etmək iqtidarında deyillər.

Ortada bir mənzərə var: atəşkəs pozulubmu, bəli, pozulub. Kimin tərəfindən pozulması önəmli deyil. Məsələ budur ki, o qarşıdakı tərəf kimdir, hansı statusu var, onun əlində silah nə gəzir? Bəs bu silahların olmayacağı haqda Rusiyanın öhdəliyi haqda niyə danışmırlar? O hərbçilərin orada olmayacağında dair Ermənistan və Rusiyanın öhdəlikləri niyə icra olunmur?

Əslində, Rusiya Müdafiə Nazirliyinin bu açıqlaması Rusiyanın özünə qarşı təxribatdır. Bu, Ermənistanı himayət edən digər dövlətlərə mesajdır ki, atəşkəsi Azərbaycan pozur. Amma Rusiya üzərinə öhdəlik götürüb ki, orada qanunsuz silahlılar olmayacaq, bununla belə, bu bəndə icra olunmur. Yəni bu ittiham Rusiyanın da imzaladığı 10 noyabr anlaşmasının mahiyyəti və fəlsəfəsinə uyğun gəlmir. Bu təxribatçı davranışdır və Azərbaycan da bununla bağlı mövqeyini ortaya qoyub.

- Laçın şəhəri və Zabux kəndinin təhvil verilməsi prosesindən gözləntiniz necədir: ermənilər təxribata əl ata bilərlərmi?

- Təxribata əl atacaqlar və bunun qarşılığını artıqlamasıyla görəcəklər. Əvvəla, o ərazilərdə heç vaxt ermənilər yaşamayıblar. Ermənilərin o ərazilərə köçürülməsi ilə bağlı Serj Sərkisyan dönəmində Ermənistanın media qurumlarının hazırladığı materiallar var. Həmin ərazilərə Livan və digər ölkələrdən erməni ailələrinin köçürülməsi ilə əlaqəli video-reportajlar mövcuddur. Yəni onlar Laçında qeyri-qanuni formada məskunlaşdırılmış şəxslərdir. Onların Azərbaycan ərazilərində yaşayan yerli ermənilərə hansısa formada aidiyyəti yoxdur. Bu adamların məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür, həmin ərazilərdən də çıxıb getməlidirlər.

Vaxtilə Azərbaycan ərazilərində yaşayan, sonrada yerdəyişmə edərək Zabux kəndi və digər ərazilərə gələn ermənilər isə əvvəllər məskunlaşdıqları yerlərə qayıtmalıdırlar. Onların köçürülməsinin məsuliyyəti yenə də Ermənistan rəhbərliyinin üzərinə düşür.

Ümumiyyətlə, bunları müzakirə etməyə ehtiyac yoxdur. Ermənistanın alternativ yolla bağlı üzərinə götürdüyü öhdəliklər var. Ermənistan bu öhdəliyi yerinə yetirmirsə, öz işidir. Azərbaycan o yolu çəkdikdən sonra Rusiya sülhməramlılarının dislokasiyası həmin əraziyə keçiriləcək. Ermənilər isə Ermənistan tərəfində torpaq yoldan istifadə edəcəklər, at arabasıyla, eşşəklə gələcəklər, nəylə gələcəklər – bu onların problemləridir. Bununla bağlı özləri qərar qəbul edəcəklər. Azərbaycan Ermənistan ərazisindən keçən yola görə məsuliyyət daşımır.

Laçında qeyri-qanuni məskunlaşmış şəxslərdə konkret zaman kəsiyindən oradan çıxarılmalıdır. Bunu etməyəcəklərsə, adekvat cavabını görəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər