Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, Vətən müharibəsindən sonra Azərbaycanın qarşıya qoyduğu bir sıra mühüm hədəflərin olduğu açıqlanmışdı. İndiki mərhələdə bu xətt üzrə gedən proseslərin inkişaf dinamikasını necə qiymətləndirmək olar?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın bu günü və gələcəyinə hədəflənən bir prosesə başlanıldı. Bu təkcə Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi ilə kifayətlənən bir nəticə deyil. Eyni zamanda tarixi torpaqlarımıza qayıdışın başlanğıcıdır. Vətən müharibəsindən sonrakı dinamikaya nəzər salsaq bunu aydın görmək olur. Bu addımların atılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşır. Prezident İlham Əliyev İsmayıllı rayonu Basqal qəsəbəsində Azərbaycan Televiziyasına vermiş olduğu müsahibəsində bir daha dövlətimizin bu məsələlərdəki qətiyyəti nümayiş olundu. Vurğulandı ki, qısa zamanda həyata keçirilən “Qisas” əməliyyatı ilə ermənilərin cəzalandırılması həyata keçirildi. Bundan da qarşı tərəf nəticə çıxarmalıdır. Azərbaycan öz şəhidinin qisasını aldı. Zərgər dəqiqliyi ilə işlənilib hazırlanan bu əməliyyat nəticəsində çox böyük uğurlarla yekunlaşdı. İlk növbədə Ermənistana növbəti dəfə dərs verildi. Ermənistan və Qarabağda hələ də qalmaqda olan separtçılar, onları himayə edənlər əmin oldular ki, Prezident İlham Əliyevin iradəsi və qətiyyəti hər zaman özünü ifadə edəcək. Ali Baş Komandanın atmış olduğu addımlara heç bir qüvvə maneə ola bilməyəcək. Dövlət başçısı da qeyd etdi ki, bizim məqsədlərə doğru atmış olduğumuz addımlara heç kəs buna maneə ola bilməz.
- “Qisas” əməliyyatından sonra Ermənistan öhdəliklərin icrası ilə bağlı real addımlar atmağa başlayıb. Sonrakı mərhələdə qarşı tərəfin davranışlarında hansı dəyişiklikləri izləmək mümkün ola bilər?
- Faktiki olaraq “Qisas” əməliyyatından sonra Ermənistan tərəfinin ərazimizdə qalan qoşunlarının qalıqları artıq sürətlə ərazimizi tərk etməyə başlayıb. Separatçılar da bundan nəticə çıxarmağa məcburdur. Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər də bu ayın sona kimi ərazini tərk eməli olacaqlar. Məhz bir neçə saatlıq “Qisas” əməliyyatı özünün ciddi nəticələri ilə müşahidə edilir. Bununla yanaşı strateji əhəmiyyət kəsb edən yüksəkliklər Ordumuzun nəzarətinə keçdi. Böyük bir üstünlük qazanılıb və mühüm ərazilər Azərbaycanın müşahidəsinə keçib.
- Yeni Laçın yolu ilə bağlı fərqli fikirlər var idi. Artıq prosesin yekunlaşdığı açıqlanıb. Növbəti mərhələdə hansısa təxribat olacağı ehtimalını necə görürsünüz?
- Yeni Laçın yolu Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında bir vasitə kimi qiymətləndirilməli deyil. Əslində bu Böyük Zəfər yolunun təməl daşıdır. Bu Dərələyəzə, Vedibasara, İrəvana və Göyçəyə doğru gedən strateji bir yolun başlanğıcıdır. Məhz bu yolun əsası 44 günlük Zəfər müharibəsi ilə qoyulub. Artıq bu proses davam edir. Bir neçə müddət bundan öncə Azərbaycan Qaçqınlar Cəmiyyətinin əsasında Qərbi Azərbaycan İcmasının yaradılması da tarixi torpaqlarımıza qayıdışı təmin etmək üçün ictimai hərəkatın başlanması və genişlənməsini nəzərdə tutur. Nəticə etibarilə dövlət başçısı çox tarixi bir yolun əsasını qoyub. Əminik ki, bu yolun sona çatması ilə tarixi missiya uğurla yekunlaşacaq.
- Erməni tərəfi iddia edir ki, yeni Laçın yolu ilə Azərbaycan Laçın dəhlizi anlayışına da son qoydu. Bu nə dərəcədə məntiqli bir yanaşmadır?
- Laçın dəhlizi dəhliz anlayışına və mahiyyətinə uyğun deyil. Bu sadəcə olaraq Ermənistanla Azərbaycan ərazisində yaşayan erməni əsilli insanların əlaqəsini təmin etmək üçün bir yoldur. Ona görə də bu heç bir halda dəhliz deyil. Eyni zamanda bu məsələ ətrafında hər hansı bir mübahisəyə də yer qalmır. Sözsüz ki, bu dövlət başçısı tərəfindən 2020-ci ilin 10 noyabrında imzalanmış Bəyanata xüsusi bir bənd kimi salınıb. Əslində bu olduqca uzaqgörən bir strateji yol xəritəsi idi. Ali Baş Komandanın xüsusi tələbi ilə Üçtərəfli bəyanata bu bəndin salınmasına Azərbaycan Prezidenti ilə yanaşı Rusiya prezidenti və Ermənistanın baş naziri də imza atmış oldu. Faktiki olaraq strateji əhəmiyyət kəsb edən Laçın yolunun çəkilməsinin razılığı və reallaşması Rusiya və Ermənistan dövlət başçılarının imzası ilə təsdiq edilib. Bu baxımdan Laçın yolu ilə bağlı alternativ dəhlizdən və s söhbət gedə bilməz.