17 Avqust 2022 12:46
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Azərbaycanla Ermənistan arasında son baş varən hadisələr fonunda sülh müstəvisində atılan addımların sanki bir ətalətlə üzləşdiyi müşahidə edilir. Laçın ətrafındakı proseslərin ardınca yenidən müzakirələrin sülh müstəvisinə qayıtmaq ehtimalını necə dəyərləndirirsiniz?

- İndi əksinə Azərbaycanın “Qisas” əməliyyatı, Prezident İlham Əliyevin son addımları, dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində vermiş olduğu mesajlar regionda hansı tərzdə, formada və istiqamətdə sabitliyi pozmaq istəyi olan qüvvələrə nəinki cavabdır, açıq bir zərbədir. Bu o deməkdir ki, həmin qüvvələr var idi. Onlar özləri üçün hansısa bir “hazırlıq” aparırdılar. Heç sülh haqqında da düşünmürdülər. Düşüncələri ancaq təxribatlar idi. Hətta hansısa bir istiqamətdə proseslərin cərəyan etməyini istəyirdilər. Görünür “planları”, əlaqələri də olub. Amma bütün bu illuziyaların üzərinə növbəti dəfə Dəmir Yumruq zərbəsi vuruldu. Bununla da real məsələləri başa düşmək istəməyən, hansısa formada başqa istiqamətdə regionda gedən prosesləri sürükləmək niyyətində olan qüvvələrə bu cavab nəinki bir mesaj oldu, konkret olaraq bir hərəkət, addım, akt hesab edilir. Ona görə də onlar sülh istiqamətində hansısa addımlar atmayacaqlarsa, faydalı işlər görməyəcəklərsə, o zaman üçüncü bir proses başlayacaq. Bu isə sülhə birbaşa Azərbaycan tərəfindən məcburetmə olacaq.

- Növbəti sülhəməcburetmə əməliyyatının hərbi yaxud, daha çox siyasi, diplomatik müstəvidə olması ehtimalı gözlənilirmi?

- Ermənistan tərəfinin buna heç bir aidiyyatı olmayacaq. Azərbaycan öz ərazisində qanunlarını ən yüksək səviyyədə təmin edəcək. Buna da heç kəs şübhə etməsin. Sadəcə olaraq biz qarşı tərəfi sülh masasına dəvət edirik ki, gəlin sizin də fikirlərinizi eşidək, görək nə deyirsiniz? Azərbaycan ərazi bütövlüyü çərçivəsində, ölkə vətəndaşı kimi, konstitusiyamızı rəhbər tutaraq, qalib bir ölkə kimi biz qarşı tərəfə konkret bir jest göstəririk. Əksinə qarşı tərəf bunu da anlamırsa, onsuz da biz öz işlərimizi görmək iqtidarını saxlamışıq və bu işlər də görüləcək. Məsələnin əsl mahiyyəti elə məhz bundan ibarətdir. Ona görə də indiki proseslərin sülhdən uzaqlaşması kimi fikirləri də qəbul etmək olmaz. Bunun əksinə olaraq atılan addımlarla sülhə daha çox yaxınlaşırıq. İndi anlamayanlar da başa düşür ki, proses hansı istiqamətdə gedir. Gücün, nüfuzun, təsirin, imkanın kimdə olduğunu hər kəs görür.

- 10 noyabrdan sonra Azərbaycanın özünün hədəflərinə doğru siyasi, diplomatik və bəzən də hərbi güc nöqteyi ilə yaxınlaşır. Proseslərin gedişini və gözləntiləri necə şərh etmək olar?

- Ümumiyyətlə son illər gedən proseslər hərbi və diplomatik nöqteyi nəzərdən Azərbaycanın öz hədəflərinə uğurla çatdığını göstərir. Çünki Azərbaycanın son dövrlər əldə etdiyi uğurlar beyin mərkəzləri tərəfindən təhlil ediləcək və öyrəniləcək. Laçın şəhəri və dəhlizi, Zabux, Sus kəndlərinin artıq qısa zamandan sonra Azərbaycana təhvil verilməsi məsələləri bu hədəflərin tərkib hissəsi hesab edilir. Əslində bu uzaqgörən müdrik, səbirli, təmkinli, beynəlxalq qanunlara arxalanan, güclü siyasətin nəticəsində mümkün olur. İndi nə erməninin, nə də ki, onun ətrafında olan qüvvələrin, nə də ki, sülhməramlıların və hansısa başqa bir insanın, qüvvənin və partiyanın əks arqumentini səsləndirməyə imkanı yoxdur. Çünki Azərbaycan hər gün daha çox öz istəklərinə doğru yaxınlaşır, bunu reallaşdırır. Düzgün, düşünülmüş, hesablanmış öncədən planlaşdırılmış siyasət aparılır. Bu uğurlu siyasətin müəllifi isə Prezident İlham Əliyevdir. O öz liderliyi ilə bu siyasəti elə formalaşdırdı ki, Laçın şəhəri və onun ətrafında olan kəndlər Azərbaycanın nəzarətinə keçir. Eyni zamanda yeni bir yol açılır. Bu yol da məhz Zəngəzur yoluna oxşayır. Bu yol artıq o prinsiplərlə işləyəcək ki, Zəngəzur dəhlizi həmin prinsipləri özündə ehtiva edəcək. Bu da öncədən düşünülümüş və indi reallaşdırılan bir məsələdir. Ermənistanda az çox ciddi düşünən insanlar, politoloqlar da bunu açıq şəkildə deyir. Hətta iki il öncə imzalanan üçtərəfli bəyanatda bu məsələlərin hamısı düşünülmüşdü. Prezident İlham Əliyev bu məsələləri öncədən düşünüb və qərarlaşdırmışdı.

- Yeni Laçın yolu Zəngəzur dəhlizinin prinsiplərini diqtə edəcək anlayışı ortadadır. Bu nə dərəcədə məntiqli görünür?

- Yeni Laçın yolunun çəkilməsi və burada tətbiq ediləcək prinsiplər Zəngəzur dəhlizinin əksi olmalıdır. Burada hanısa bir şəhərdən keçən yoldan söhbət getmir. Bu konkret bir marşurutdur. Bu yol ermənilərə imkan verir ki, İrəvana Xankəndinə gedib-gəlişə imkan versin. Eyni zamanda Zəngəzur yolu da bizə imkan verəcək ki, rahat, sərbəst, heç bir problem olmadan Azərbaycandan Naxçıvana getmək mümkün olsun. Bu başqa cür də ola bilməz. Ermənilər əgər rahat şəkildə Qarabağa gəlib-gedəcəklərsə, biz də bu imkanlardan maksimum yararlanmalıyıq. Ona görə də, artıq Laçın məsələsi əslində Zəngəzur prosesi ilə birbaşa bağlı olan məsələdir.


Müəllif: Tapdıq Qurbanlı