17 Avqust 2022 14:19
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla Ermənistan tərəfi öz üzərinə vacib öhdəliklər götürüb. 44 günlük müharibədə məğlub olaraq kapituliyasiya aktına imza atan ölkə kimi Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasına sürətlə başlaması gözlənilirdi. Amma sonrakı mərhələdə bu hal müşahidə edilmədi. Ermənistan 30 illik işğal dövrünün yaratmış olduğu psixoloji mühitdən qurtulmadığı üçün təxribat xarakterli əməllərdən yararlanmaqla prosesi pozmağa cəhd edirdi. Məqsəd prosesin gedişində bəlli bir zaman qazanmaq və “əlverişli” şəraiti gözləməkdən ibarət idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat hesab edir ki, artıq 44 günlük müharibədən sonra regionda və qlobal müstəvidə yeni reallıq yaranıb:

“Sadəcə olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi, revanşist qüvvələr hələ də bu reallığın mahiyyətini dərk edə bilmirlər. Uzun 10 illər zərərli ideologiya ilə zəhərlənmiş erməni cəmiyyətinin zehnində hələ də real mənzərə ilə bağlı fikir formalaşmır. Bu sadəcə olaraq bir düşüncə problemidir. Nəticə etibarı ilə bu da onlar üçün getdikcə daha böyük faciələrə yol açır”.

Millət vəkilinə görə, 10 noyabr razılaşmasından sonra Ermənistan özünün təxribatları ilə müharibənin nəticələrindən yaranmış situasiyada hansısa bir “üstünlük” qazanmaq niyyəti güdürdü: “Amma qarşı tərəf unudur ki, Azərbaycan Ordusu, hərbi-siyasi rəhbərlik milli və dövlətçilik maraqlarını sona qədər qorumaqdadır. Dəmir Yumruq yerindədir. Bunu Ermənistan tərəfi Fərrux və son “Qisas” əməliyyatında bir daha görmüş oldu. Yaxşı olardı ki, Ermənistanda az da olsa reallığı dərk etmək bacarığı olan şəxslər bu proseslərdən dərs çıxarsın. Çünki növbəti bu cür təxribatlar onlar üçün daha ölümcül və sarsıdıcı olacaq. Bununla bağlı Prezident İlham Əliyev son açıqlamasında bir daha qarşı tərəfə və onlara havadarlıq edənlərə özünün mesajlarını çatdırmış oldu”.

Cavid Osmanov bu ayın sonu, gələn ayın əvvəlinə kimi Laçın dəhlizi, Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi və bundan sonra baş verəcək proseslərin əhəmiyyətindən bəhs edib:

“Artıq Laçın dəhlizi anlayışı yoxdur. Yeni Laçın yolu var. Bu da üçtərəfli razılaşmada öz həllini tapıb. Ermənistan tərəfinin bu məsələ ilə bağlı qaldırdığı hay-küy isə əhəmiyyətsizdir. Çünki qarşı tərəf bəyanatda yeni Laçın yolunun 3 il müddətində icrasının nəzərdə tutulduğunu iddia edir. Amma prosesdən iki ilə yaxın vaxt keçib. Azərbaycan tərəfindən bu yol hazırdır. Ermənistan tərəfi isə son “Qisas” əməliyyatından sonra prosesin icrasına başlayıb. Görünür siyasi, diplomatik müstəvidə prosesləri qiymətləndirməyi bacarmayan Ermənistan ancaq təzyiq və güc müstəvisində olan məsələrə daha adekvat olmağa öyrəşir. Sözsüz ki, qarşı tərəf unutmamalıdır ki, bu müstəvidə Azərbaycanın 44 günlük müharibədən sonra da gücü və imkanları daha da artıb. Dəmir Yumruq Azərbaycanın milli və dövlətçilik maraqlarını təmin etməyə və qorumağa hər an hazırdır”.


Müəllif: Tapdıq Qurbanlı