Ermənistanın sülh müqaviləsinə yanaşması bölgədə gələcək sülh üçün əsas rol oynayır. Brüssel görüşünün nəticəsi olaraq sülh müqaviləsinin hazırlanması məsələsində Ermənistan da ən azı Azərbaycan qədər maraqlı olmalıdır. Əgər Ermənistan adekvat davranış nümayiş etdirməsə, Azərbaycan yenə də öz yolu ilə gedəcək. Burada dövlətlərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi prinsipial olaraq həllini tapmalı olan başlıca amildir. Çünki bununla da hər iki dövlət qarşılıqlı olaraq ərazi iddiası məsələsindən imtina edir və gələcəkdə belə bir iddia ilə çıxş etməməklə bağlı öhdəlik götürür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Ermənistan bütün bunlardan imtina edəcəyi təqdirdə sülh prosesi pozulacaq və indiyə qədər aparılan danışıqların nəticəsi, atılan addımlar sıfırlanmış olacaq:
“Sözsüz ki, Ermənistanın davranışlarına da Azərbaycan adekvat yanaşma ortaya qoyacaq. Belə olan halda Azərbaycanın Zəngəzur, Göyçə və İrəvanla bağlı məsələləri qaldırması üçün də daha əlverişli mühit və zəmin yaranacaq. Ona görə də Ermənistanın siyasi rəhbərliyi doğru seçim etməyi bacarmalıdır. Bu ölkə nəhayət ki, Ermənistan xalqını düçar edildiyi ağır vəziyyətdən çıxarmağa dair güclü siyasi iradə nümayiş etdirməlidir.
Əks halda, Ermənistan üçün daha çətin olacaq.
Çünki II Qarabağ müharibəsindən sonra regionda tamam yeni geostrateji bir mühit yaranıb. Ermənistan bundan nəticə çıxarmalıdır. Azərbaycanın sülh təklifinə müsbət yanaşan Ermənistan rəhbərliyi sona kimi bu xəttə sadiq olduğunu nümayiş etdirməldir. Təxribatlarla və hansısa siyasi bəyanatlarla prosesi qeyri-müəyyən vaxta qədər uzatmaq heç bir perspektiv vəd etmir”.
Aqil Məmmədova görə, Ermənistan rəhbərliyi II Qarabağ müharibəsi və Qisas əməliyyatı nəticəsində aldığı zərbələri də unutmamalıdır:
“Brüssel danışıqlarından sonra Ermənistan Təhlükəsilik Şurasının katibi Armen Qriqoryanın Xankəndiyə səfəri aparılan danışıqlara və Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təhdiddir. Sözsüz ki, bu addımın cavabı olacaq. Azərbvaycan dövləti Ermənistanın bu cür təxribatlarına qarşı heç vaxt loyal yanaşmayıb. Ona görə də qarşı tərəf atdığı hər bir addıma uyğun layiqli cavab alacaq. Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycanın tam nəzarətinə keçməsindən sonra yaranan reallıq da onlar üçün əlverişsiz bir şərait formalaşdırıb. Bu baxımdan da Ermənistan rəhbərliyinin proseslərdən yeganə çıxış yolu Azərbaycanın BMT və dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımaq və sülh müqaviləsi imzalamaqdan keçir”.