30 il birbaşa məsuliyyətində olan məsələ ilə bağlı heç bir irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk qrupu artıq lazımsız bir quruma çevrilib. Ermənistanın Azərbaycana təcavüzü, ərazilərinin 20 faizini işğal etməsi və bunun nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün olması məsələsi üç onillikdə Minsk qrupunu qətiyyən maraqlandırmayıb. Onlar sadəcə olaraq “status-kvo” vəziyyətinin saxlanılmasında maraqlı olub. Çünki Ermənistanın işğalı və bunun nəticəsində daimi olaraq qalmaqda olan münaqişə onlar üçün daha maraqlı olub. Eyni zamanda Azərbaycanı az qala işğal faktı ilə barışmağa təhdidlər də eşidilib. Minsk qrupu özünün missiyasından tamamilə uzaqlaşaraq Ermənistanın işğal faktına bu və ya digər formada əsaslar formalaşdırmağa çalışıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun və bu bölgədə münaqişə vəziyyətinin qalmasını arzulayanların bütün ümidləri 27 sentyabr 2020-ci ildən puç oldu:
“Erməni təxribatına cavab olaraq başlanan əks-hücüm əməliyyatı ilə Azərbaycan 44 gündə ATƏT-in Minsk qrupunun 30 ildə edə bilmədiyini həyata keçirdi. BMT Təhülkəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrindən dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələr də Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən icra edildi. Azərbaycan özünün hərb-siyasi gücü, iqtisadi potensialı ilə pozulmuş ədaləti, hüququ bərpa etdi. Azərbaycanın dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü təmin olundu”.
Deputat hesab edir ki, ATƏT-in Minsk qrupu isə hətta müharibə dövründə belə Ermənistanın işğal faktına qiymət verə bilmədi: “Halbuki, bu məsələ ilə bağlı qərar vermək, işğalçını adı ilə çağırmaq onların birbaşa vəzifəsi idi. Ona görə də bu gün ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. Bu təşkilat artıq lazımsız bir qurum kimi tarixin arxivinə göndərilib. Azərbaycan bu təşkilatın bundan sonra Ermənistanla danışıqlar və müzakirələr formatında olmasını qəti şəkildə istəmir. Bu təşkilatın mövcudluğu belə Azərbaycan xalqının hiddəti ilə qarşılanır. Çünki Minsk qrupunun həmsədrləri 30 il bu bölgəyə ancaq turist səfərləri ilə yaddaşlarda qalıb. Onların fəaliyyətsizliyi nəticəsində bir metr Azərbaycan torpağı işğaldan azad edilıməyib”.
Cavid Osmanovun fikrincə, bundan sonra yenidən ATƏT-in Minsk qrupuna süni nəfəs vermək cəhdləri əhəmiyyətsizdir:
“Əslində bu təşkilatın bundan sonra necə fəaliyyət göstərəcəyi, hansı məsələdə vasitəçi, tənzimləyici olacağı da bilinmir. Çünki təşkilatın məşğul olmalı olduğu məsələ artıq bitib. Ona görə də kimlərinsə yenidən Minsk qrupunu reanimasiya etmək cəhləri sadəcə olaraq absurddur”.