15 Sentyabr 2022 12:54
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Bununla da Azərbaycanın müstəqilliyi təmin olunmaqla yanaşı, ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, 1918-ci ildə erməni-bolşevik hərbi dəstələri tərəfindən Bakıda, digər bölgələrimizdə qətllər, vandalizm aktları həyata keçirilib:

“Bütün bunların nəticəsində ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik təcavüzünə məruz qalmışdı. Məhz belə bir vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çox çətin idi. Müstəqilliyini yeni elan etmiş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək imkanları məhdud idi. Belə bir çətin şəraitdə özünün çox mürəkkəb və gərgin vəziyyətinə baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı altında hərbi qüvvələrini Azərbaycana göndərdi. Həmin dövrdə bir çox Avropa dövlətləri türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz edirdilər. Lakin Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü”.

Professor hesab edir ki, 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu:

“Hərb sənətinə mükəmməl yiyələnmiş, istənilən döyüş tapşırığını qalibiyyətlə başa çatdırmağa qadir olan Qafqaz İslam Ordusu düşmən əlində olan Bakını və digər yaşayış məntəqələrimizi düşməndən azad etdi. Türk əsgərlərinin hücumlarına tab gətirməyən erməni-bolşevik silahlı dəstələrinin tör-töküntüləri Bakıya toplaşaraq şəhəri əllərində saxlamağa çalışsalar da, türk birliyi qarşısında məğlub oldular. Nuru Paşanın ordusu Bakını bolşevik-erməni dəstələrindən təmizlədi. Beləliklə, 15 sentyabr 1918-ci ildə Bakı Türkiyənin hərbi köməyi ilə istiladan xilas olaraq həqiqi sahiblərinə qaytarıldı. Həmin hadisələrdə 6 mini azərbaycanlı olmaqla 14 min şəxsi heyətə malik olan Qafqaz İslam Ordusunun 139 əsgəri, 9 zabiti qəhrəmancasına şəhid oldu, 463 nəfər yaralandı. Bu gün türk şəhidlərinin əziz xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış abidə hər bir azərbaycanlı üçün müqəddəs məkan kimi ziyarət edilir. Təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağında bərkiyən Türkiyə-Azərbaycan dostluğu müxtəlif təsir və qadağalara baxmayaraq bu gün yüksək səviyyədə olan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Hicran Hüseynova Azərbaycanın öz ərazilərini erməni işğalından azad etmək üçün 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyindən bəhs edib:

“Azərbaycanın haqq savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi. Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan haqq savaşında qələbə qazanmasında mühüm rolu oldub. Tarixi Şuşa Bəyannaməsi isə iki dost və qardaş ölkənin münasibətlərini daha yüksək səviyyəyə qaldırıb. Prezident İlham Əliyevin vurğuladığı kimi bu gün Azərbaycan və Türkiyə vahid komanda şəklində hərəkət edir. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsində əvəzsiz töhfədir”.


Müəllif: Tapdıq Qurbanlı