16 Sentyabr 2022 10:12
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) futbol klubu arasında UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turun oyunu baş tutub. “Qarabağ” “Nant” klubu üzərində 3:0 hesablı möhtəşəm qələbə qazanıb. Bu, tarixi və möhtəşəm bir qələbə idi. Belə bir həssas vaxtda "Qarabağ" komandası yaralarımızın üstünə su səpdi. 71 şəhidimiz var, hamımız kədər içindəyik. "Qarabağ" heç olmasa bir az da olsa, ürəyimizi sakitləşdirdi. Bu qələbə münasibəti ilə "Qarabağı", Qurban Qurbanovu, hər kəsi təbrik edirəm. Prezident İlham Əliyevin “Qarabağ"ın qələbəsi ilə bağlı paylaşdığı tviti də maraqlı oldu. Bu, hamımızın ürəyindən keçən hisslər idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat qeyd edib ki, Azərbaycanın “Qarabağ” komandası, Fransanın “Nant” klubunu darmadağın edib:

“Halbuki, Fransa həmişə özlərini ermənilərin bacısı hesab edir. Sözsüz ki, "Qarabağ" ötən gün növbəti dəfə möhtəşəm oyun göstərdi. Biz birinci oyunda da gözəl oynamışdıq. Sadəcə olaraq hakimlər komandamızı uduzdurmuşdu. İnanırıq ki, "Qarabağ" pley-offa çıxacaq”.

Aqil Abbas hesab edir ki, “Qarabağ” komandası bundan sonra daha gözəl oyunlar nümayiş etdirəcək:

“Biz artıq 10 ildir ki, Avropa stilli bir komanda görürük. Bu, belədir. Sadəcə olaraq dünən “Nant”la oynayan komanda sabah yenə gəlib “Səbail”, “Kəpəz”, “Sumqayıt”la oynayacaq. Belə bir səviyyədən komandanın aşağı düşməsi arzuolunan bir hal deyil. Çünki komanda yenidən özünü toparlayana qədər çətinliklər olur. Azərbaycan çempionatı yaxşı, güclü olmalıdır ki, bütün komandalarımız da “Qarabağ” kimi olsun”.


Müəllif: Tapdıq Qurbanlı